×
A
A
A
Sazlamalar

Paytaxtın kimya sənayesində məhsul buraxılışı azalıb

Bakı, 14 fevral, AZƏRTAC

Bakının kimya sənayesində məhsul buraxılışı azalıb.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, keçən il kimya sənayesi, əczaçılıq, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 284,8 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki illə müqayisədə məhsul buraxılışı kimya sənayesində 13,8 faiz, əczaçılıq məhsullarının istehsalında 9,4 faiz azalıb, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 49,8 faiz artıb.
Əsas kimya məhsullarından azot istehsalı 46,3 faiz, oksigen istehsalı 33,8 faiz çoxalıb.
Rezin və plastik kütlə məmulatlarından bərk polietilen borular, borucuqlar, şlanqlar, qolların istehsalı əvvəlki illə müqayisədə 2,3 dəfə artıb, polietilen kisə və çantaların istehsalı 1,4 faiz, liflə armaturlaşdırılmış sair bərk plastik borular, borucuqlar, qollar, şlanqların istehsalı isə 42,8 faiz azalıb.

Sənaye 2019-02-14 17:16:00