×
A
A
A
Sazlamalar

“Vixr-8” yanğınsöndürmə gəmisinin təmiri başa çatıb

Bakı, 14 fevral, AZƏRTAC

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus “Vixr-8” yanğınsöndürmə gəmisinin əsaslı təmiri başa çatıb.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, təmir işləri “Bibiheybət” Gəmi Təmiri Zavodunda həyata keçirilib. Gəminin baş və köməkçi mühərrikləri, nasosları, boru sistemləri təmir edilib. Bundan başqa, heyətin yaşayış və xidməti otaqları, sanitar qovşaqlar yenilənib. Gəmidə iki ədəd yeni hava kompressoru quraşdırılıb, val və sükanaltı qurğuları təmir edilib. “Vixr-8” gəmisi tərsanəyə qaldırılaraq gövdəsi təmizlənib və rənglənib.
Gəminin mexanizm və elektrik avadanlıqlarının təmiri başa çatdıqdan sonra onun dəniz sınağı həyata keçirilib. Sınaq uğurla başa çatdırılıb və gəmi yenidən istismara qaytarılıb.

Nəqliyyat 2019-02-14 16:59:00