×
A
A
A
Sazlamalar

Koreya Respublikası Böyük Britaniya ilə azad ticarətə can atır

Bakı, 14 fevral, AZƏRTAC

Koreya Respublikası Böyük Britaniyanın Avropa İttifaqından çıxmasını əsas götürərək, bu ölkə ilə ikitərəfli azad ticarət sazişini imzalamağa çalışır.
AZƏRTAC xəbər verir ki, bu barədə Koreya Respublikasının iqtisadiyyat və maliyyə naziri Honq Nam-ki açıqlama verib. Nazir bildirib ki, rəsmi Seul indiyədək Avropa İttifaqı (Aİ) ilə qüvvədə olan azad ticarət haqqında saziş çərçivəsində Böyük Britaniya ilə ticarət əlaqələri qurub. Lakin Böyük Britaniyanın Aİ-dən çıxması ilə iki ölkə arasında iqtisadi əlaqələri tənzimləmək üçün yeni sənədə ehtiyac var.
Koreya Respublikası rəsmisi azad ticarət sövdələşməsi barədə Böyük Britaniya ilə danışıqların başlama tarixi barədə konkret məlumat verməyib.
Qeyd edək ki, Böyük Britaniya Cənubi Koreyanın əsas ticarət tərəfdaşlarından biridir. Cənubi Koreyanın Sənaye, Ticarət və Enerji Nazirliyinin statistikasına əsasən, ötən il Böyük Britaniyaya ixrac 6,5 milyard ABŞ dolları, idxal isə 6,8 milyard dollar təşkil edib.

Dünya 2019-02-14 14:17:00