×
A
A
A
Sazlamalar

Donald Tramp Çindən idxal mallarına rüsumun artırılmasını təxirə sala bilər

Bakı, 14 fevral, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Pekinlə ticarət məsələlərinə dair sazişin əldə olunmasına əlavə 60 gün ayıra bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
2018-ci il dekabrın əvvəllərində ABŞ və Çin liderlərinin Buenos-Ayresdə G20 sammiti çərçivəsində keçirilən görüşündə iki ölkə arasında ticarət məsələlərinə dair bəzi razılaşmalar əldə olunub. Vaşinqton Çin məhsullarına yanvarın 1-nə nəzərdə tutulan rüsum artımını təxirə salıb, Pekin isə Birləşmiş Ştatlardan idxalı artırmağa boyun olub. Dövlət başçılarının əldə etdiyi razılaşmaya əsasən, ticarət sazişləri bağlamaq üçün tərəflərə ayrılan vaxt martın 1-də sona çatır.
Agentliyin məlumatına görə, Donald Tramp hazırda Çin idxalına daha yüksək rüsumların tətbiqini təxirə salmağın mümkünlüyünü nəzərdən keçirir. Ötən həftə CNBC telekanalı da Vaşinqtonun razılıq əldə edilməsinə əlavə vaxt ayırmağa hazır olduğu barədə xəbər yaymışdı.
Qeyd edək ki, fevralın 14-15-də Pekində Çin və ABŞ arasında ticarət sazişi üzrə danışıqların növbəti raundu keçiriləcək.

Dünya 2019-02-14 13:03:00