×
A
A
A
Sazlamalar

Varşavada Yaxın Şərqdə sülhə dair konfrans təşkil edilib

Varşava, 13 fevral, AZƏRTAC

Polşanın paytaxtı Varşavaya Yaxın Şərqdə sülhə dair beynəlxalq konfransda iştirak etmək üçün 60 ölkədən nümayəndə toplaşıb.
AZƏRTAC xəbər verir ki, Varşavada bu gün işə başlayan konfransa Avropa Birliyinə üzv dövlətlərin hamısı qatılıb. Böyük Britaniyanı konfransda xarici işlər naziri Ceremi Hant, ABŞ-ı vitse-prezident Mayk Pens və dövlət katibi Mayk Pompeo, İsraili baş nazir Benyamin Netanyahu təmsil edir.
Yaxın Şərq regionundan 10, o cümlədən BƏƏ, Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir kimi ölkələr konfransda təmsil olunur. Lakin İran, Türkiyə, Rusiya, Fələstin və Çin nümayəndələri tədbirə qatılmayıblar.
Fevralın 14-də yekun vurulacaq konfransda əsasən Suriyada, Yəməndə baş verən hadisələr, İsrail-Fələstin münaqişəsi və regionda humanitar vəziyyət müzakirə olunacaq.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava

Dünya 2019-02-13 23:30:00