×
A
A
A
Sazlamalar

Rufiz Qonaqov: Azərbaycan Prezidenti Real televiziyasına müsahibəsində çox mühüm məsələlərə toxundu

Bakı, 13 fevral, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev Real televiziyasına müsahibəsində çox mühüm məsələlərə toxundu, ölkəmizdə aparılan islahatlar və xarici siyasətimizdə əldə olunan nailiyyətlərlə bağlı geniş məlumat verdi. Azərbaycanın beynəlxalq aləmdə artan imicinin qorunub saxlanmasında dövlət məmurlarının, o cümlədən sadə vətəndaşın üzərinə düşən məsuliyyət dövlətimizin başçısı tərəfindən ictimaiyyətə bir daha çatdırıldı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqov bildirib.
O qeyd edib ki, Azərbaycan Prezidenti, həmçinin milli mətbuatımızın ölkəmizin təbliği istiqamətində göstərdiyi fəaliyyətdən danışdı. Prezident İlham Əliyev dedi: “Azərbaycan mediası bu gün ölkəmizin həyatında önəmli rol oynayır. Deyə bilərəm ki, mən də öz işimdə mediadan gələn xəbərlərə istinad edirəm, bəzi hallarda mediadan bir çox məsələləri öyrənirəm, dərhal reaksiya verirəm. Bu barədə mən bir neçə dəfə öz fikirlərimi bildirmişəm və hesab edirəm ki, gələcəkdə Azərbaycan mediası ölkəmizin həyatında bundan da böyük rol oynayacaqdır”. Prezident İlham Əliyev, eyni zamanda, Azərbaycanın beynəlxalq iqtisadi uğurlarından bəhs etdi. Qısa zaman ərzində ölkəmiz mühüm beynəlxalq layihələrin müəllifinə çevrilib. Dövlətimizin başçısı qeyd etdi ki, 2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaqdır, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaqdır, insanların rifah halını yaxşılaşdırmaqdır, daha güclü, qüdrətli dövlət qurmaqdır. Biz bu istiqamətdə məqsədyönlü, hərtərəfli siyasət aparırıq, həm beynəlxalq mövqelərimizi möhkəmləndiririk, həm də regional əməkdaşlıq təşəbbüsləri ilə çıxış edirik. Bu gün Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilib. Yəni, nəqliyyat mərkəzlərindən birinə yox, məhz nəqliyyat mərkəzinə çevrilib. Çünki Şimal-Cənub və Şərq-Qərb dəhlizləri ölkəmizin ərazisindən keçir. Biz bu coğrafi vəziyyətdən çox səmərəli istifadə etdik, güclü infrastruktur yaratdıq. Bu gün Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərində 10-dan çox ölkə əməkdaşlıq edir. Yalnız bir ölkə hər iki layihədə iştirak edir ki, o da Azərbaycandır.
Politoloq qeyd edib ki, Azərbaycan Prezidenti hər bir ölkə vətəndaşına göstərdiyi diqqəti bir daha sübut etdi. Dövlətimizin başçısı son günlərdə Şamaxıda baş verən zəlzələni xatırladaraq dövlətin əhalini daim himayə etdiyini söylədi. Eyni zamanda, xalq çətin anında belə dövlətimizə dəstəkdir. Azərbaycan Prezidenti müsahibəsində də dediyi kimi, bu gün ölkəmiz dünyada sabitlik adası kimi tanınır. Bu, bizim böyük üstünlüyümüzdür. Bu, bizə imkan verir ki, Azərbaycan islahatlar yolu ilə uğurla getsin, iqtisadi imkanlarımızdan istifadə edib, xalqımızın rifah halının yaxşılaşmasına yönəlmiş növbəti addımlar atılsın. Azərbaycan xalqı bundan sonra da sülh və əmin-amanlıq şəraitində yaşasın.

Daxili siyasət 2019-02-13 17:47:07