×
A
A
A
Sazlamalar

“Ericsson” və “Intel” “5G” şəbəkəsi üzərində birgə çalışacaq

Bakı, 13 fevral, AZƏRTAC

“Ericsson” və “Intel” uzunmüddətli əməkdaşlığa başlayıb və əməkdaşlıq çərçivəsində şirkətlər beşinci nəsil (5G) mobil rabitə şəbəkəsi infrastrukturunun inkişafı barədə razılığa gəlib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, tərəflər avadanlığın idarə olunması üçün nəzərdə tutulan və aparat infrastrukturunun çevik istismarını təmin edən platformanın yaradılması üzərində işə başlayıb. Bu həll rabitə operatorlarına kommersiya xidmətlərini daha tez istismara verməyə, mövcud resurslardan maksimum istifadə etməyə və şəbəkəyə sahiblik üçün ümumi qiyməti azaltmağa kömək edəcək.
Saziş çərçivəsində şirkətlər “Ericsson SDI Manager” (SDI) və “Intel Rack Scale Design” (Intel RSD) proqram təminatının hazırlanmasında əməkdaşlıq edəcək, eləcə də bu həllərin inkişafı məqsədilə qabaqcıl idarəetmə funksiyaları tətbiq olunacaq. Bu, operatorlar üçün müxtəlif istehsalçıların avadanlıqlarından eyni anda istifadəni sadələşdirəcək.
Şirkətlər “Ericsson SDI Manager” və “Intel RSD” proqram təminatlarının konvergensiyasını, eləcə də bu həllərin sifarişçilər üçün tam əks uyğunluğunu təmin edəcək. Birgə hazırlanan proqram və aparat təminatı “Ericsson” aparat platforması ilə birlikdə təklif olunacaq və tərəfdaşlar vasitəsilə təklif edilən, müxtəlif sahələrdə istifadə üçün nəzərdə tutulan “Intel” server məhsulları ilə tədarük olunacaq.
“5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

 

Dünya 2019-02-13 17:40:00