Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Qoşulmama Hərəkatına üzv ölkələrin Bakıda keçiriləcək Zirvə Görüşü ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb

Bakı, 11 fevral, AZƏRTAC

Prezident İlham Əliyev Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün 2019-cu ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması və Azərbaycan Respublikasının 2019-2022-ci illərdə Hərəkata sədrliyi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən otuz üzvdən ibarət Təşkilat Komitəsinə sədr Prezident Administrasiyasının rəhbəri təyin edilib.
Təşkilat Komitəsinə Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirilməsi ilə bağlı işçi qrup yaratmaq və bir ay müddətində tədbirlər planı hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb.
Azərbaycan Respublikasının 2011-ci ildən üzv olduğu Qoşulmama Hərəkatı beynəlxalq münasibətlərin tənzimlənməsində mühüm rolu olan çoxtərəfli platformadır. 120 dövlətin bir araya gəldiyi Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır.
Əsas məqsədi beynəlxalq hüququn norma və prinsipləri əsasında dünyada sülhün, təhlükəsizliyin qorunmasına və tərəqqiyə töhfə vermək olan Qoşulmama Hərəkatı qlobal problemlərin həlli və müasir dövrün çağırışlarına cavab vermək baxımından bu gün xüsusi əhəmiyyət kəsb edir.

Siyasət 2019-02-11 19:18:00