Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

AMEA-da tədbir: “Azərbaycanda qadınlar elmdə”

Bakı, 11 fevral, AZƏRTAC

Mərkəzi Elmi Kitabxanada (MEK) AMEA-nın Qadınlar Şurasının təşkilatçılığı ilə 11 fevral – Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Gününə həsr olunan "Azərbaycanda qadınlar elmdə" mövzusunda tədbir keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova
tarixən ölkəmizdə gender bərabərliyinə xüsusi diqqət yetirildiyini, məhz Şərqdə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçki hüququnun verildiyini söyləyib. O, bu gün qadınların respublikanın ictimai həyatında, o cümlədən AMEA-nın fəaliyyətində aktiv iştirak etdiklərini, elmi, texnoloji yeniliklərə imza atdıqlarını bildirib.
AMEA-nın Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə çıxış edərək BMT-nin Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnamə ilə bütün dünyada bu əlamətdar günün qeyd olunduğunu vurğulayıb. O, qətnamənin qadınların elmə tam və bərabər çıxışını təmin etmək, həmçinin gender bərabərliyini qorumaq, onların hüquq və imkanlarını genişləndirmək məqsədilə qəbul edildiyini deyib.
Tədbirdə, həmçinin professor Habil Qurbanov, Fəlsəfə İnstitutunun şöbə müdiri Rəfiqə Əzimova və başqaları çıxış edərək hazırda AMEA-da çalışan əməkdaşların 70 faizinin qadınlardan ibarət olduğunu söyləyib, gənclərin ləyaqətli və vətənpərvər yetişdirilməsinin önəminə toxunublar.
Sonra AMEA-nın Qadınlar Şurasının sosioloji qrup rəhbəri Mahrux Nəcəfli "Elmdə Beynəlxalq Qadın və Qızlar Günü haqqında", mənəviyyat və elm bölməsinin rəhbəri Ziba Ağayeva "Azərbaycanda elm siyasəti", gənclər və elm bölməsinin üzvü İlhamə Qəsəbova "Azərbaycan elmində ilklərə imza atmış qadınlar" mövzusunda məruzə ilə çıxış ediblər.

Elm və təhsil 2019-02-11 17:16:00