Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Coğrafiya İnstitutunda işçi qrupların fəaliyyəti müzakirə edilib

Bakı, 11 fevral, AZƏRTAC

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda akademik Ramiz Məmmədovun sədrliyi ilə “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinin iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə ictimai birliyin ilkin variantda tərtib edilmiş loqosu və bukleti iclas iştirakçılarına təqdim olunub. Təklif olunub ki, təşkilatın loqosunun hazırlanması seçim imkanı əldə etmək üçün müsabiqə yolu ilə həyata keçirilsin. Coğrafiya İnstitutunun veb-saytında müsabiqə və onun keçirilmə şərtləri haqqında məlumat verilməsi və bu məlumatın sosial şəbəkələr vasitəsilə ictimaiyyətə çatdırılması qərara alınıb. Bəzi əlavələr və düzəlişlər edilməklə bukletin təsdiq edilmək üçün gələn iclasın müzakirəsinə verilməsi diqqətə çatdırılıb. İştirakçılar, həmçinin nəşrin ingilis və rus dillərinə tərcümə olunmasını məqsədəuyğun hesab ediblər.
Sonra “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinə fərdi və qrup halında üzvlük haqqında təkliflər dinlənilib. Qərara alınıb ki, su ilə əlaqədar olan dövlət və qeyri-hökumət təşkilatlarına yeni yaranmış ictimai birlik haqqında məlumat göndərilsin və onlar bu qurumun üzvlüyünə dəvət edilsinlər.
Müzakirə olunan növbəti məsələ ictimai birliyin işçi qruplarının fəaliyyəti haqqında olub. İşçi qruplarının rəhbərləri hazırladıqları iş planını təqdim edərək gördükləri işlər haqqında məlumat veriblər. İşçi qruplarının tərkibi, səlahiyyəti, vəzifələri, iş planlarının tərtibi haqqında müzakirələr aparılıb, fikir bildirilib, konkret təkliflər irəli sürülüb. Bildirilib ki, ictimai birliyin əsas vəzifəsi insanları sudan istifadə sahəsində maarifləndirmək, mütəxəssislərin biliklərinin artırılmasına kömək etməkdən ibarətdir. Bu məqsədlə kursların, dəyirmi masa və seminarların təşkili, kütləvi informasiya vasitələrində publisist məqalələrin nəşri, mütəxəssislərin işçi qruplarının formalaşmasına kömək göstərmək məqsədəuyğun işlərdir.
Müxtəlif məsələlər sırasında su sahəsində normativ hüquqi aktların hazırlanması və təkmilləşdirilməsi, su və su təchizatı qurğuları terminləri lüğətinin hazırlanması məsələləri də müzakirəyə verilib. Qərara alınıb ki, gələn iclasa qədər “Dağlıq Qarabağın işğal olunmuş ərazilərində su resursları və su mənbələri” mövzusunda layihə hazırlanıb mütəxəssislərin müzakirəsinə təqdim edilsin.
Sonda professor Fərda İmanov bu ilin iyun ayında su sahəsi ilə bağlı keçiriləcək konfrans barədə məlumatı diqqətə çatdırıb.

Elm və təhsil 2019-02-11 16:00:00