Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Özünüməşğulluq proqramı çərçivəsində ötən il Ağdamda 201 ailəyə mal və materiallar verilib

Ağdam, 11 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC 

Azərbaycanda sosial siyasətin əsas istiqamətlərindən birini əhalinin məşğulluğunun təmin olunması, yаşаyış səviyyəsinin daha da yaxşılaşdırılması təşkil edir. Dövlətimiz tərəfindən аztəminаtlı аilələrin sоsiаl müdаfiəsinin gücləndirilməsi ilə yаnаşı, оnlаrın аktiv əməyə cəlb еdilməsinə, məşğulluğunun təmin оlunmаsınа və bununlа dа fəаl həyаt mövqеyinin fоrmаlаşmаsınа хüsusi diqqət yеtirilir. Bu bахımdаn Prеzidеnt İlhаm Əliyеvin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 aprel tarixli Sərəncamı mühüm əhəmiyyət kəsb edir. Sərəncam dövlət məşğulluq siyasətində keyfiyyətcə yeni bir mərhələ açmaqla, özünəməşğulluq fəaliyyəti ilə işsiz və işaxtaran şəxslərin ailə bizneslərini qurmalarına, əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərini artırmalarına, həmçinin kiçik və orta sahibkarlığın inkişafına xidmət edir.
Yanvarın 29-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev özünüməşğulluğun əhəmiyyətini vurğulayaraq deyib: "Özünüməşğulluq proqramının icrası böyük ümidlər verir. Bu il 7 min ailə bu proqramla əhatə olunacaq. Baxarıq, imkan olarsa, daha çox ailə bu proqramla əhatə olunacaq. Beləliklə, hələ ki, iş tapa bilməyənlər özünüməşğulluq hesabına ailə büdcəsini təmin edəcəklər".
Respublikamızın hər yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən Ağdam rayonunda da özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilmiş vətəndaşlar öz ailə təsərrüfatlarını və bizneslərini qurmağa nail ola biliblər.
Ağdam Rayon Məşğulluq Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, proqrama cəlb edilən işsiz və işaxtaranlar sırasında əlilliyi olanlara, aztəminatlı, çoxuşaqlı, şəhid, məcburi köçkün, ünvanlı dövlət sosial yardımı alan ailələrə və digər həssas qruplara üstünlük verilir. Proqram çərçivəsində 2018-ci ildə Ağdam rayonunda 201 aztəminatlı ailəyə müxtəlif sahələr üzrə öz ailə bizneslərini yaratmaq üçün zəruri mal və materiallar verilib. Vətəndaşlar verilmiş aktivlər hesabına əsasən, kənd təsərrüfatı və xidmət sahələri üzrə öz ailə təsərrüfatlarını formalaşdırıblar. Həmin ailələrdən biri gözəllik salonu, biri şirniyyat sexi, biri kompüter, qalanları heyvandarlıq üzrə fəaliyyət göstərir.
Tağıbəyli kəndindən məcburi köçkün Oqtay Şirinov işaxtaran qismində Ağdam Rayon Məşğulluq Mərkəzinə müraciət edən sakinlərdən biridir. Onun sözlərinə görə, heyvandarlıqla məşğul olmaq istəsə də, təsərrüfat yaratmaqda çətinlik çəkib. Bununla əlaqədar özünüməşğulluq proqramından faydalanmaq üçün rayon Məşğulluq Mərkəzinə müraciət edib. Onun ailə şəraiti dəyərləndirilib. O.Şirinov təlim kurslarına cəlb olunaraq biznes fəaliyyətinin təşkili ilə əlaqədar zəruri bilik və bacarıqlara yiyələnib. Ona təsərrüfatını qurmaq üçün biri yanı balalı olmaqla, iki baş inək verilib. Heyvanların sayını artırmağı və təsərrüfatı genişləndirməyi hədəfləyən Oqtay Şirinov göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.
Evoğlu kənd sakini Elmir Cəfərova isə öz məşğulluğunu təmin еtmək və аilə biznеsini qurmаq üçün keçən il 21 baş qoyun verilib. Elmir Cəfərov özünüməşğulluq proqramına qoşulmasından danışarkən deyib: “Rayon məşğulluq mərkəzinə iş üçün müraciət etmişdim. Sağ olsunlar, özünüməşğulluq proqramı barədə məlumat verdilər. Kursdan keçdim, biznеs-plаn hаzırlаdım. Çox gözləməli olmadım. Tezliklə ailə təsərrüfatımı formalaşdırmaq üçün bizə 21 baş qoyun verildi. Məqsədimiz qoyunların sayını 100 başa çatdırmaqdır".
Qeyd edək ki, 2018-ci ildə rayon məşğulluq mərkəzinə müraciət edən işaxtaran vətəndaşlardan 291-i iş yerləri ilə təmin edilib. Bu dövrdə 15 nəfər haqqı ödənilən ictimai işlərə, 15 nəfər peşə hazırlığı kursuna cəlb edilib. Doqquz nəfərə işsizlik statusu verilərək müavinət təyin olunub. Sentyabr ayında əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə keçirilən “Əmək yarmarkası”nda 75 vətəndaşa göndəriş verilib, onlardan 35 nəfər işə düzəlib.

Regionlar 2019-02-11 15:36:00