×
A
A
A
Sazlamalar

Morbid piylənmənin ən effektli müalicə üsulu bariatrik cərrahiyyədir

Bakı, 11 fevral, AZƏRTAC 

Dünyada geniş tətbiq edilən bariatrik cərrahiyyə əməliyyatlarının bir növü olan mədəkiçiltmə əməliyyatı piylənmədən əziyyət çəkənlər üzərində icra edilir. Əməliyyat adətən bədən kütlə indeksi 35 kiloqram/kvadratmetrdən çox olan pasiyentlərə tətbiq edilir.
Bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının ümumi bariatrik cərrahı, Beynəlxalq Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının üzvü, tibb üzrə fəlsəfə doktoru Elçin Abdinov məlumat verib.
- Həkim, piylənmə nədir və kimlər piylənmiş hesab olunurlar?
- Hər kök insan piylənmiş hesab olunmur. Nümunə üçün deyə bilərəm ki, boyunun hündürlüyü 160 santimetr olan bir şəxsin çəkisi 90 kiloqram və ondan yuxarıdırsa, deməli o piylənməyə məruz qalıb. Piylənməni təyin etmək üçün bədən kütlə indeksini hesablamaq vacibdir. Bunun üçün bədən kütləsini boyun hündürlüyünün kvadratına bölmək lazımdır. Alınan nəticələrdən sonra piylənmə haqqında fikir yürütmək olar. Əgər bədən kütlə indeksi 18-25 arasındadırsa, bu ideal çəkidir. Kütlə indeksi 25-30 arasında olarsa, artıq çəkinin olduğunu göstərir. Həmin şəxslər pəhriz, idman və ya hər hansı konservativ tədbirlər vasitəsilə asanlıqla arıqlaya bilərlər. Alınan rəqəmlər 30-dan yuxarıdırsa, artıq piylənmə başlayıb. 35-dən yuxarı olan nəticə vəziyyətin acınacaqlı olması deməkdir. Kütlə indeksi 40-dan yuxarıdırsa, morbid yəni ölümcül piylənmə adlanır.
- Piylənmənin səbəbləri nədir?
- Piylənmənin olduqca çoxlu səbəbi var. Hələ də araşdırılır və yeni amillər aşkarlanır. Burada qidalanma faktorunun rolu danılmazdır. Orqanizmə daxil olan normadan artıq kalorinin sərf edilməməsi nəticəsində yağlar piy toxuması şəklində yığılaraq artır və piylənmə yaranır. Orqanizmdə maddələr mübadiləsinin və hormonal balansın pozulması da piylənmənin səbəbləri sırasındadır.
- Həmin insanlar hansısa konservativ üsullarla arıqlaya bilərlərmi?
- Piylənmədən əziyyət çəkən insanların normal çəkiyə qayıtmasına pəhriz, idman kimi konservativ üsullar kömək etmir. Həm də idman zamanı daha da ağır xəsarətlər ala bilərlər. Aşağı dərəcəli, yəni birinci dərəcəli piylənmədə pəhriz, idmanla nəticə əldə etmək olar. Lakin onların 3 faiz şansı var. Yəni 100 xəstədən 97-də pəhrizi, idmanı buraxdıqda, həyat tərzini dəyişdirdikdə nəinki itirilmiş çəki geri qayıdır, hətta əvvəlkindən də çox çəki alınır.
- Piylənmə ilə mübarizədə ən əlverişli üsul hansıdır?
- Keçən əsrin 90-cı illərində dünyanın tibb təşkilatları və alimləri piylənmə ilə mübarizənin cərrahi əməliyyat yolu ilə olması qərarına gəliblər. Təbii ki bu, morbid, yəni həddən artıq çox piylənməsi olanlara aiddir. Əgər, bir insanda piylənmə varsa, əməliyyata əks göstəriş yoxdursa, onun yeganə uğurlu, effektiv və uzunmüddətli müalicə üsulu bariatrik cərrahiyyədir. Bu bütün dünyada sübut olunub və Dünya Səhiyyə Təşkilatı tərəfindən qəbul edilib.
- Bariatrik cərrahiyyənin faydaları nədən ibarətdir?
- Piylənmədən əziyyət çəkən insanın daxili orqanlarında bir sıra problemlər mövcuddur. Həmin insanlar piylənmə ilə yanaşı olaraq bir sıra metabolik xəstəliklərdən əziyyət çəkirlər. Normal insanlara nisbətən ömürləri 30 faiz qısa olur. Səbəbi bilinməyən qəfləti ölüm riski həddən artıq çoxdur. Bu əməliyyatdan sonra qanda şəkərin miqdarı tənzimlənir, qan təzyiqi normallaşır, əməliyyatdan sonra xəstələrin ömürləri 10-12 ilədək artmış olur. Xüsusən qadınlarda əməliyyatdan sonra süd vəzi və genital bölgədə yarana biləcək xərçəng riski 75-85 faizədək azalır. Həmin cərrahi müdaxilənin digər daxili orqanlara da müsbət təsiri çoxdur. Əməliyyatdan sonra 80 faiz halda müsbət nəticə əldə etmək mümkündür. Bu, o zaman mümkündür ki, xəstələr əməliyyatdan sonra mütəmadi olaraq həkim müayinə və konsultasiyasından keçirlər, onlara verilən proqrama il yarım, iki il əməl edirlər. Bu zaman problemlər də yaranmır. Əməliyyatdan sonra piylənməyə təsir edən hormonların miqdarı da azalır. Orqanizmin hormonal fonunda stabilləşmə başlayır. Bu əməliyyat sadəliyi, az travmatikliyi, tez başa gəlməsi və az maliyyə tələb etməsi ilə seçilir. Geniş tətbiq olunur və uğurlu nəticələri həddən artıq çoxdur.
- Bariatrik əməliyyat kimlərə tətbiq edilə bilər?
- Əməliyyat yaşı 18-dən 65-dək olan, anestezioloji riski olmayan və bədən kütlə indeksi 35-dən yuxarı olanlara icra olunur. Cərrahi müdaxilə qapalı şəkildə həyata keçirilir.
- Məlumdur ki, əməliyyatdan sonra rejimə əməl edən pasiyent arıqlayır və onlarda dəri sallanması yaranır. Həmin şəxslər estetik əməliyyata müraciət edə bilərlərmi?
- Əməliyyatdan sonra cavanlarda dəri sallanması və əzələ boşalması yaşlılara nisbətən az olur. Əsasən bədən kütləsi həddindən çox olan yaşlılarda dəri sallanması qeydə alınır. Əməliyyatdan il yarım, iki il keçdikdən sonra estetik əməliyyatla həmin problemi aradan qaldırmaq mümkündür.

Sağlamlıq klubu 2019-02-11 13:49:00