×
A
A
A
Sazlamalar

Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək

Bakı, 11 fevral, AZƏRTAC 

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsəsən Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində Xocalı soyqırımı ilə bağlı dəyirmi masalar, konfrans, toplantı və xüsusi məşğələlər, kitab, foto və rəsm sərgisi təşkil olunacaq. Bundan başqa, Həzi Aslanov adına Mərkəzi, eləcə də Gəncə Qarnizonu Zabitlər evləri kollektivlərinin iştirakı ilə faciəyə həsr olunan ədəbi-bədii kompozisiya və tamaşaların, sənədli və bədii filmlərin nümayişi nəzərdə tutulub.
Tədbirlərdə Xocalı soyqırımı qurbanlarının ailə üzvləri, hadisələrin iştirakçıları ilə şəxsi heyətin görüşlərinin təşkili, həmçinin Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban verənlərin xatirəsinə ucaldılmış abidələrin ziyarət olunması planlaşdırılıb.
Bundan əlavə, şəxsi heyət Bakının Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində, eləcə də respublikanın digər şəhər və rayonlarında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələri ziyarət edəcək.
Fevralın 26-da saat 17.00-da Müdafiə Nazirliyinin tabeliyində olan bütün birlik, birləşmə, hərbi hissə, idarə, təşkilat və xüsusi təyinatlı təhsil müəssisələrində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

 

Xocalı faciəsi 2019-02-11 13:13:00