×
A
A
A
Sazlamalar

Daşınmaz əmlakın səyyar qeydiyyat xidmətləri Bilgəhdə

Bakı, 11 fevral, AZƏRTAC

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının budəfəki ünvanı Sabunçu rayonunun Bilgəh qəsəbəsidir.
Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) AZƏRTAC-a bildirilib ki, komitənin müvafiq struktur bölmələrində göstərilən daşınmaz əmlakın qeydiyyatı xidmətləri səyyar formada vətəndaşlara təqdim olunur. Hər həftə müxtəlif yerlərdə keçirilən kampaniyanın budəfəki ünvanı Bilgəhdir. Xidmətlərdən yararlanmaq istəyən qəsəbə sakinləri fevralın 11-15 –də saat 9:00-dan 17:00-dək Bilgəh qəsəbəsi, Azad qadın küçəsi 298 (142 nömrəli məktəbin qarşısı) ünvanında fəaliyyət göstərən səyyar ofisə yaxınlaşa bilər.
Kampaniya fərdi yaşayış və bağ evləri, həyətyanı torpaq sahələri, digər daşınmaz əmlaklarla bağlı qeydiyyat xidmətlərini birbaşa vətəndaş ünvanlarına gətirir. Səyyar ofislərin müasir formada təşkili ilə qeydiyyat xidmətləri müvafiq qurumlardakı kimi göstərilir. Sürətli və operativ qeydiyyat xidmətləri ilə yanaşı, sakinlər hüquqi xidmətlərdən də istifadə edir. Komitə əməkdaşları tərəfindən vətəndaşların sualları cavablandırılır, onlara qanunvericiliyə uyğun məsləhətlər verilir.

Tikinti̇ 2019-02-11 12:59:00