×
A
A
A
Sazlamalar

ISESCO-nun baş direktoru Roma Papasının yeni təşəbbüsünə münasibət bildirib

Bakı, 4 fevral, AZƏRTAC

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri dinlərarası əlaqələrin gələcəyinə dair Roma Papası Fransiskin yeni təşəbbüsünə münasibət bildirib.
AZƏRTAC təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, baş direktor Roma Papasının fevralın 3-də Birləşmiş Ərəb Əmirliklərinə başlayan səfəri çərçivəsində irəli sürdüyü təşəbbüsün ISESCO-nun son illər qəbul etdiyi sənədlərdə də öz əksini tapdığını vurğulayıb. Onun sözlərinə görə, mədəniyyətlərarası dialoqun gücləndirilməsi, müxtəlif dinlərin və təriqətlərin arasında tolerantlığın artırılması və onların dinc yanaşı yaşamasının təmin edilməsi bu təşəbbüsün əsas müddəalarıdır.
Əbdüləziz bin Osman əl-Tuveycri əlavə edib ki, ISESCO-nun bütün tədbirlərində müsəlmanlarla xristianlar arasında əməkdaşlığın və qarşılıqlı anlaşmanın inkişafının dünyada sülhə və təhlükəsizliyə töhfə olduğu vurğulanıb. Baş direktor deyib ki, Roma Papasının ərəb ölkələrinə səfəri terrorizm, ekstremizm və dini zəmində münaqişələrə qarşı mübarizə kontekstində böyük əhəmiyyət kəsb edir.
ISESCO-nun baş direktoru 2014-cü ilin noyabrında Vatikandakı Apostol sarayında Papa Fransisklə görüşünü və katolik kilsəsinin başçısına təşkilatın “Qızıl qalxan” mükafatını təqdim etdiyini də xatırladıb.

Din 2019-02-04 12:30:00