Azərbaycan-İnquşetiya dini-mənəvi əlaqələrinin daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub
Bakı, 26 yanvar, AZƏRTAC
Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladiqafqaz şəhərində səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə yanvarın 26-da orada səfərdə olan İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurovla görüşüb. Bu barədə AZƏRTAC-a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, şeyxülislam A.Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Prezidentinin yardımı sayəsində yenidən bərpa olunaraq dindarların ixtiyarına verilən məscid binasının açılışında iştirak edib. Azərbaycanın Rusiya, Qafqaz, Şimali Osetiya-Alaniya ilə ənənəvi tarixi mədəni-mənəvi əlaqələri baxımından xüsusi əhəmiyyət daşıyan bu hadisə ilə bağlı Vladiqafqazda konfrans keçirilib.
Şeyxülislamla görüşü zamanı bu tədbirləri yüksək dəyərləndirən İnquşetiyanın rəhbəri Y.Yevkurov qardaşı saydığı Azərbaycan Prezidenti İlham Əliyevə salamlarını və ən xoş arzularını çatdırmağı QMİ sədrindən xahiş edib. Görüşdə Azərbaycan-İnquşetiya dini-mənəvi əlaqələrinin daha da inkişaf etdirilməsi, xalqlarımızın ümumi mənafeləri naminə əməkdaşlıq, ümumqafqaz əhəmiyyətli məsələlər ətrafında fikir mübadiləsi və məsləhətləşmələr aparılıb.
ICESCO azadlıqlar və islami dəyərlər mövzusunda konfransa ev sahibliyi edib
Dövlət Komitəsi nəzir qutuları və ianələrlə bağlı əsassız ittihamlar səsləndirənlərə cavab verib
Azərbaycandakı dini konfessiya rəhbərləri Laçın yolundakı vəziyyətlə bağlı birgə bəyanat yayıblar