×
A
A
A
Sazlamalar

Gürcü mütəxəssislər Azərbaycanın “Dini etiqad azadlığı haqqında” Qanununun təfərrüatlarını öyrənirlər

Tbilisi, 26 yanvar, AZƏRTAC

Gürcüstanda dini etiqad azadlığı və ya din haqqında qanun layihəsinin hazırlanması istiqamətində müzakirələr davam edir.
AZƏRTAC xəbər verir ki, Gürcüstan parlamentinin insan haqları və vətəndaş inteqrasiyası komitəsinin iclasında bu məsələ ciddi müzakirə mövzusu olub.
Müzakirələrdə iştirak edən Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri hacı Ramin İgidov AZƏRTAC-a bildirib ki, bu gün ölkədə din-vətəndaş, din-dövlət münasibətlərinin tənzimlənməsi üçün “Din haqqında” və ya “Dini etiqad azadlığı haqqında” qanuna ciddi ehtiyac var. Düzdür, bəzi insanlar və təşkilatlar bunun üçün ayrıca qanuna ehtiyac olmadığını, münasibətlərin tənzimlənməsi üçün mövcud qanunlara bəzi əlavələrin və dəyişikliklərin edilməsini məsləhət bilirlər. Amma bizim fikrimizcə ayrıca qanun qəbul olunsa daha yaxşıdır. Bu gün məscidlərin idarə olunması, dini ibadət ocaqlarının vergidən azad olunması, dini tədris ocaqlarının yaradılması və s. məsələlərin həllində problemlər yaşanır. Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi də qanun olmadığı və ya bəzi məsələlərin qanunla tənzimlənmədiyi üçün bu cür problemlərin həllində çətinlik çəkir. Agentlik də ayrıca qanunun qəbuluna tərəfdardır.
GMİ sədrinin sözlərinə görə, parlamentdə gedən müzakirələr zamanı bəzi ölkələrin, o cümlədən Azərbaycanın bu sahədəki təcrübəsindən bəhs olunub.
Azərbaycanın və digər ölkələrin din-vətəndaş və din-dövlət münasibətlərini tənzimləyən qanunları gürcü dilinə tərcümə olunaraq dini qurumlara və digər aidiyyəti təşkilatlara paylanılıb.
Hazırda həmin qanunlar öyrənilir və yaxın vaxtlarda son qərar veriləcək.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi 

Din 2019-01-26 11:23:00