Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

ABŞ-ın nüfuzlu radiosunda 20 Yanvar faciəsindən danışılıb

Vaşinqton, 25 yanvar, AZƏRTAC 

ABŞ-da geniş auditoriyaya malik Con Batçelor Şou radio proqramı yanvarın 24-də canlı yayımını Qara Yanvar faciəsinə həsr edib.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovla müsahibədə Azərbaycan xalqının azadlıq və müstəqillik əzmini qırmaq üçün törədilmiş bu faciə zamanı xalqımızın fədakarlıq göstərərək qəhrəmanlıq tarixi yazmasından bəhs olunur. Müsahibədə Azərbaycanın müstəqilliyinin təməli olan Qanlı Yanvar faciəsinin eyni zamanda Sovet İttifaqının sonunun başlanğıcı olduğu vurğulanır. Həmçinin bildirilir ki, 20 Yanvar faciəsinin çoxsaylı qurbanlarının matəm yürüşünün önündə Azərbaycanın müsəlman, yəhudi və xristian din xadimləri birgə dayanmışdılar. Bu isə Azərbaycanın nə qədər açıq və tolerant cəmiyyət olmasının göstəricisidir.
Proqramda bildirilir ki, hər il olduğu kimi, bu il də Azərbaycan xalqı bir araya gələrək 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edir, Bakı şəhərini 29 il bundan öncə bu faciənin simvoluna çevrilmiş qərənfillərə qərq edir.
Eyni zamanda, qeyd edilir ki, bu faciə keçmiş Sovet İttifaqına daxil olan bir sıra ölkələrdə, o cümlədən Qazaxıstan, Gürcüstan və Baltikyanı ölkələrdə keçirilən əməliyyatlarla müqayisədə xüsusi qəddarlıq və amansızlıqla törədilib. Həmin zaman keçmiş Sovet İttifaqının rəhbəri olan Mixail Qorbaçov dinc əhaliyə qarşı silah tətbiq edilməsinə dair şəxsən əmr verib.
Qeyd edək ki, Con Batçelor Şou gündəlik həyatda aktual olan beynəlxalq hərbi, siyasi və iqtisadi mövzulara həsr olunur. Həftənin hər günü yayımlanan bu şou ABŞ-da milyonlarla dinləyici auditoriyasına malikdir.

Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Qan yaddaşı 2019-01-25 13:40:00