×
A
A
A
Sazlamalar

20 Yanvar Azərbaycanın qəhrəmanlıq tarixinin şanlı səhifəsidir

Bakı, 21 yanvar, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayında 20 Yanvar faciəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən alay komandiri, polis general-mayoru Səhlab Bağırov bildirib ki, 20 Yanvar və tariximizdə ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsrdə xalqımız əleyhinə yeridilən siyasətin növbəti təzahürü idi. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Bununla belə, Azərbaycan xalqı hər zaman olduğu kimi, öz qürurunu itirmədi, onun iradəsi qırılmadı. 20 Yanvar yalnız faciə kimi deyil, şərəf və qəhrəmanlıq günü kimi xatırlanır. Sovet imperiyası 1990-cı il yanvarın 20-nə keçən gecə Bakıda görünməmiş vəhşiliklər törətsə də, günahsız insanlar qətlə yetirilsə də xalqımızın azadlıq arzusunu boğa bilmədi. İyirmi Yanvar hadisələri milli iftixar hissinin və milli müstəqillik ideyalarının formalaşmasına tarixi şərait baxımından güclü zəmin yaradıb. Qanlı Yanvar faciəsindən sonra ölkənin müstəqilliyinin dönməzliyi birmənalı şəkildə dərk olunub. O dəhşətli gecədə baş verən qanlı hadisələrdən zaman etibarilə uzaqlaşsaq da, xalqımız şəhidlərimizi heç vaxt unutmur, onları həmişə yad edir.
Həmin vaxt Moskvada yaşayan ulu öndər Heydər Əliyev hadisənin ertəsi günü ailə üzvləri ilə birgə Azərbaycanın nümayəndəliyinə gələrək bu qanlı cinayəti pisləyən bəyanat verib, xalqımıza qarşı törədilmiş haqsızlığı dünyaya çatdırıb, faciənin bütün günahkarlarının cəzalandırılmasını qətiyyətlə tələb edib. Ümummilli Lider xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra bu məsələni yenidən gündəmə gətirib.
Qəhrəmanlıq tariximizin bu şanlı səhifəsi barədə ümummilli lider Heydər Əliyev çox dəqiq qiymət verərək deyib: “20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq, eyni zamanda, onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. O gecə tökülən qan Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üzərindəki qandır”.
Bakı Dövlət Universitetinin tarix fakültəsinin professoru Nuru Məmmədov qeyd edib ki, 1990-cı ilin 20 Yanvarında sovet ordusunun Bakıda həyata keçirdiyi qətliam Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tariximizin qan yaddaşına əbədi həkk olunub. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsindən, keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından, yerli hakimiyyətin xəyanətkarlığından hiddətlənən və bu ədalətsizliyə etirazını bildirmək üçün Bakının küçələrinə, meydanlarına çıxan dinc əhaliyə qanlı divan tutuldu. Keçmiş SSRİ rəhbərlərinin göstərişi ilə Azərbaycana yeridilən ordu hissələri paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 147 mülki şəxsi amansızcasına qətlə yetirdilər. Hadisələr zamanı 744 günahsız insan yaralandı. İnsanlıq simasını itirmiş hərbi canilər hətta təcili tibbi yardım maşınlarını atəşə tutur, heç kəsə aman vermirdilər. 1990-cı ilin iyulunda Moskvadan Vətənə qayıdan ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə 20 Yanvar faciəsinə ilk dəfə hüquqi-siyasi qiymət verilib. Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Ulu Öndərin qətiyyətinin təzahürü kimi tarixə düşdü.
Ulu Öndərin 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı 1994-cü il yanvarın 5-də imzaladığı Fərmanda həm də Milli Məclisə hadisəyə tam hüquqi-siyasi qiymət verməsi tövsiyə olunurdu. 1994-cü il martın 29-da respublika parlamenti “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi. Beləliklə, 20 Yanvar faciəsi məhz ümummilli lider Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz hüquqi-siyasi qiymətini aldı.
Bu gün Şəhidlər xiyabanında ucalan “Əbədi məşəl” abidə-kompleksi də məhz Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq inşa edilib. Ulu öndər Heydər Əliyevin 2000-ci il yanvarın 17-də imzaladığı Fərmanla 1990-cı ilin faciəli yanvar günlərində şəhid olmuş oğul və qızlarımıza “20 Yanvar şəhidi” fəxri adı verilib.
Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur.
Daha sonra 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Qan yaddaşı 2019-01-21 11:39:00