Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Berlin Humboldt Universitetində 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

Berlin, 22 yanvar, AZƏRTAC

Berlin Humboldt Universitetində “Azərbaycan tarixi” kafedrasının təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Berlin Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrasının rəhbəri professor Eva-Mariya Aux 1990-cı ildə sovet rəhbərliyinin göndərdiyi hərbi birləşmələr tərəfindən Bakıda mülki əhalinin qətlə yetirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. O bildirib ki, keçmiş SSRİ-nin bir sıra ölkələrində keçirilən dinc etirazların boğulması zamanı mülki əhaliyə qarşı zorakılıq tətbiq olunub. Amma sovet hakimiyyətinin 20 Yanvar hadisələri zamanı Bakıda törətdiyi hərbi cinayətlər cəlb edilmiş hərbi qüvvələrin miqyasına və qətl edilmiş dinc insanların sayına görə digərləri ilə müqayisə olunmaz dərəcədə ağır idi.
Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov tədbirdə çıxış edərək 20 Yanvar hadisələri ərəfəsində Azərbaycanda baş verən proseslərdən söz açıb. Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin buna göz yummasından hiddətlənən Azərbaycan xalqının Bakının küçələrinə və meydanlarına çıxaraq öz etiraz səsini ucaltmasına qarşı sovet ordusunun döyüş hissələrinin ölkəmizə yeridilməsinin Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardığını diqqətə çatdırıb. O, Sovet İttifaqı rəhbərliyinin əmri ilə mülki əhalinin ordu tərəfindən amansızcasına qətlə yetirildiyini, sovet ordusunun qəddarlığı önündə şücaət və məğrurluq nümayiş etdirən Azərbaycan xalqının çox keçmədən müstəqilliyini bərpa etdiyini vurğulayıb.
Səfir 20 Yanvar faciəsindən sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Moskva şəhərində sərt bəyanat verdiyini, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etdiyini bildirib. O, yalnız Ulu Öndərin hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə hüquqi qiymət verildiyini və Milli Məclisin 29 mart 1994-cü il tarixli Qərarına əsasən bu hadisələrin hərbi təcavüz və cinayət kimi dəyərləndirildiyini nəzərə çatdırıb.
Professor Eva-Mariya Aux və kafedranın dosenti Rasim Mirzəyev məruzələrlə çıxış edərək 20 Yanvar hadisələri barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb və həmin dövrdə Bakıda və ölkəmizin müxtəlif bölgələrində Azərbaycanın azadlığı və müstəqilliyi naminə aparılan mübarizədən geniş bəhs ediblər.
Tədbirdə iştirak edən Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının sədri Yaşar Musayev Azərbaycanın sovet məkanında öz suverenliyini elan edən ilk ölkə olduğunu və bu faktorun 20 Yanvar hadisələri zamanı sovet ordu birləşmələrinin xüsusi amansızlıq göstərməsində mühüm rol oynadığını diqqətə çatdırıb. O, Bakının sovet dönəmində də çoxsaylı xalqların nümayəndələrinin yaşadığı multikultural şəhər olduğunu və 20 Yanvar qırğını zamanı azərbaycanlılarla yanaşı müxtəlif millətlərin nümayəndələrinin də şəhid edildiyini vurğulayıb.
Tədbirdə həmçinin 20 Yanvar faciəsindən bəhs edən qısametrajlı film və həmin hadisələr haqqında tarixi fotoşəkillərdən ibarət sərgi nümayiş etdirilib. Ümumi müzakirələr şəraitində davam edən tədbirdə iştirakçıların Azərbaycanın milli azadlıq hərəkatı və 20 Yanvar hadisələri ilə bağlı sualları cavablandırılıb.
Tədbirdə Berlin Humboldt Universitetinin müəllim və tələbə heyəti, elm və mədəniyyət nümayəndələri, Almaniyada yaşayan Azərbaycan və türk diasporlarının nümayəndələri, Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları iştirak ediblər.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

20 yanvar 2019-01-22 23:26:00