×
A
A
A
Sazlamalar

20 Yanvar faciəsi Meksika və Peru mediasının diqqət mərkəzində

Vaşinqton, 22 yanvar, AZƏRTAC 

Meksika Dövlət Xəbərlər Agentliyi “Notimeks” və Perunun “El Peruano” rəsmi qəzeti 20 Yanvar faciəsi barədə məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, “Notimeks” agentliyi Azərbaycanın Meksikadakı müvəqqəti işlər vəkili Məmməd Talıbovun müsahibəsini, “El Peruano” qəzeti isə diplomatın müəllifi olduğu məqaləni dərc edib.
Məqalədə “Qanlı Yanvar” hadisələri totalitar rejimin Azərbaycan xalqının müstəqillik arzusunun boğulması və kommunist rejimi hakimiyyətinin saxlanılmasına yönəlmiş son uğursuz addımı adlandırılır. SSRİ rəhbərliyinin Azərbaycan Respublikasına qarşı qərəzli və ədalətsiz siyasəti nəticəsində Azərbaycan xalqının suverenliyi və müstəqilliyi uğrunda mübarizəyə başladığı bildirilir. Yazıda bütün dünya ictimaiyyətini qəddarlığı ilə sarsıtmış 20 Yanvar hadisələri barədə məlumat verilir, keçmiş SSRİ ordusunun tank və digər zirehli texnika istifadə edərək günahsız Azərbaycan xalqına qarşı amansız təcavüzü nəticəsində yüzlərlə insanın qətlə yetirildiyi və yaralandığı vurğulanır. Bu hadisələrin sovet rejiminin süqutuna gətirib çıxardığı və Azərbaycan xalqının 1991-ci ildə müstəqilliyinə nail olduğu qeyd edilir. Qara Yanvar hadisələrinin Azərbaycan xalqının öz müstəqilliyi uğrunda mübarizəsində cəsarət və qətiyyəti nümayiş etdirdiyi diqqətə çatdırılır. Qanlı Yanvar gecəsində baş verən hadisələrin Azərbaycan xalqının xatirəsində azadlıq və müstəqillik uğrunda mübarizə kimi əbədi olaraq qaldığı və hər il bütün azərbaycanlıların qəhrəmanlarının xatirəsini anmaq üçün Şəhidlər xiyabanını ziyarət etdiyi bildirilir.
Qeyd edək ki, “Notimeks” Dövlət Xəbərlər Agentliyi tərəfindən dərc edilmiş məlumatı Meksikanın digər KİV-ləri də yayıb.

 

Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

20 yanvar 2019-01-22 20:38:00