×
A
A
A
Sazlamalar

Nazir: Vergi orqanlarının məqsədi sahibkarların leqal şərtlərlə rahat işləmələrini təmin etməkdir

Bakı, 22 yanvar, AZƏRTAC

Yanvarın 22-də Vergilər Nazirliyində ticarət fəaliyyəti ilə məşğul olan aparıcı şirkətlərin nümayəndələri ilə görüş keçirilib. Görüşdə Vergi Məcəlləsində edilmiş dəyişikliklər, ticarət sektoruna dair qanunvericiklikdə təsbit edilmiş yeni tələblər, vergi uçotunun şəffaflaşdırılması və mal dövriyyəsinin sənədləşdirilməsi, dövriyyələrin və əmək münasibətlərinin leqallaşması ilə bağlı məsələlər müzakirə edilib.
Nazirliyin media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, vergilər naziri Mikayıl Cabbarov vergi sistemində aparılan islahatlar barədə məlumat verib. Bildirib ki, nazirlik vergi orqanları ilə vergiödəyiciləri arasında şəffaf münasibətlərin qurulması ilə bağlı açıq siyasət həyata keçirir. O, “kölgə iqtisadiyyatı”nda fəaliyyət göstərməyin düzgün və davamlı yol olmadığını, “ikili” hesabatlığın təkcə vergitutma baxımından deyil, həm də müəssisələrin hesabatlılığı, kapitallaşması, investisiya cəlb etməsi və bank resurslarına çıxışı baxımından da çətinliklər və məhdudiyyətlərə səbəb olduğunu diqqətə çatdırıb. Bu praktikaların və davranışların, o cümlədən əmək münasibətlərinin rəsmiləşdirilməməsi, gəlirlərin gizlədilməsi, əməkhaqlarının reallıqda olduğundan aşağı göstərilməsinin təkcə dövlət üçün deyil, vətəndaşların sosial hüquqları baxımından ciddi çətinliklər yaratdığını qeyd edib.
Nazir ticarət sektorunun ÜDM-in formalaşmasında yüksək xüsusi çəkiyə malik olduğunu qeyd edib. Bildirib ki, “kölgə iqtisadiyyatı”nın elementlərinə daha çox rast gəlinən sahələrdən biri də məhz bu sahədir.
Mal dövriyyələrinin sənədləşməsi və mühasibatlığın düzgün aparılmasında mövcud olan ciddi nöqsanların aradan qaldırılmasının vacibliyini vurğulayan M.Cabbarov vergi orqanlarının məqsədinin sanksiyaların tətbiqi deyil, dövriyyələrin leqallaşması, hamının bərabər, leqal şərtlər əsasında işləməsi olduğunu bildirib. Vergi qanunvericiliyində 2019-cu ildən qüvvəyə minmiş dəyişikliklərin buna əyani misal olduğunu deyən nazir ilk dəfə qanun pozuntusu aşkarlanan zaman xəbərdarlıq mexanizminin tətbiq ediləcəyini, vəsaitlərin bank hesablarından silinməsinin onların dondurulması ilə əvəzlənəcəyini də diqqətə çatdırıb.
Nazir vergi öhdəliyini azaltmaq üçün ən müxtəlif səviyyələrdə uzun illər ərzində formalaşmış olan bəzi düzgün olmayan praktikalardan imtina etməyi, onların biznes üçün fayda gətirmək əvəzinə, sanksiyalarla üzləşmə ehtimalı yaratdığını diqqətə çatdıraraq 2018-ci ildə bir sıra sahələrdə problemli məsələlərin üzərinə gedildiyini, “kölgə iqtisadiyyatı”nda fəaliyyət göstərən sahələrin dövriyyələrinin leqallaşdırıldığını, həmin sektorlar üzrə bazarda qaçaq malın satış payının dəfələrlə aşağı düşdüyünü və eyni yanaşmanın digər sektorlarda da tətbiq ediləcəyini bildirib.
Qeyd olunub ki, son iki ildə ticarət sektorunda yayındırılan dövriyyənin həcminin böyük rəqəmlərlə ölçülməsinə baxmayaraq, bu sahədə çalışan vergiödəyicilərinin təqdim etdiyi bəyannamələrdə əməkhaqlarının aşağı səviyyədə göstərilməsi sual doğurmaya bilməz. Bu halların vergidən yayınma risklərinin aşkar əlamətlərinin mövcudluğu kimi dəyərləndirən nazir bunun yolverilməz olduğunu qeyd edib.
M.Cabbarov Azərbaycan iqtisadiyyatının qüdrətinin güclü sahibkarlardan asılı olduğunu, vergi orqanlarının məqsədinin sahibkarların biznes fəaliyyəti üçün əngəl yaratmaq deyil, əksinə onların fəaliyyətini stimullaşdırmaqdan, leqal şərtlərlə rahat işləmələrini təmin etməkdən ibarət olduğunu vurğulayıb.
Prezident İlham Əliyevin “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması istiqamətində ciddi və təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı dövlət qurumları qarşısında mühüm vəzifələr qoyduğunu bildirən nazir sağlam və hamı üçün eyni rəqabətlilik mühitinin formalaşdırılmasının təkcə dövlətin deyil, hər bir sahibkarın da marağına uyğun olduğunu qeyd edib. Təklif olunan şəffaf münasibətləri qəbul etmək istəməyən, əvvəlki kimi qeyri-leqal fəaliyyət göstərməyə üstünlük verənlərə qarşı isə vergi orqanları fərqli yanaşma göstərəcək.
Tədbirdə iştirak edən vergiödəyicilərinin vergi qanunvericiliyində aparılmış dəyişikliklərlə bağlı çoxsaylı sualları cavablandırılıb.

Biznes 2019-01-22 15:34:00