Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

BƏƏ-də iki görkəmli dini xadimin tarixi səfərlərinə hazırlıq görülür

Əbu-Dabi, 22 yanvar, AZƏRTAC

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) iki böyük dini xadimin – katolik kilsəsinin başçısı Papa Fransisk və Əl-Əzhər məscidinin Baş imamı Şeyx Əhməd Əl-Tayyibin gələn ay həyata keçiriləcək səfərlərinə hazırlıq görür.
AZƏRTAC BƏƏ-nin rəsmi informasiya agentliyinə istinadla xəbər verir ki, həmin ay Roma Papasının ilk dəfə Körfəz Ölkələri Əməkdaşlıq Şurasına daxil olan ölkələrin birinə səfəri ilə görkəmli din xadimi olan Baş imam Şeyx Əhməd Əl-Tayyibin səfərinin üst-üstə düşməsi ilə əlamətdar olacaq.
Qeyd olunur ki, hər iki səfər Əbu-Dabinin vəliəhd şeyxi və BƏƏ Silahlı Qüvvələrinin Ali Baş Komandanın müavini şeyx Məhəmməd bin Zayed Al Nəhyanın şəxsi dəvəti ilə həyata keçirilir.
Hazırlıq işlərinin gərgin vaxtında tədbirlərin təşkilatçıları dünyanın iki görkəmli din xadiminin görüşünə həsr olunmuş və qardaşlıq, sevgi, sülh dialoqu dəyərləri daşıyan “İnsanlığın qardaşlığı görüşü” adlı rəsmi loqotip hazırlayıblar. Fevralın 3-dən 5-dək Əbu-Dabidə keçiriləcək səfərlərdə iki dini lider arasında insanların qardaşlığı və dünyada sülhün təmin olunmasının dəstəklənməsi məsələləri müzakirə olunacaq. Bu əlamətdar hadisənin təşkili BƏƏ-nin qardaşlığın və tolerantlıq, humanizm kimi bəşəri dəyərlərin, habelə bütün insanların və dinlərin dinc yanaşı yaşamasının dəstəklənməsi işinə daha bir töhfəsi olacaq.
Səfərlər çərçivəsində ən əlamətdar hadisə isə Papanın fevralın 5-də “Zayed” stadionunda BƏƏ və qonşu ölkələrdən 135 min nəfərin iştirakı ilə keçirəcəyi messa olacaq. Bu hadisə ölkədə bugünədək keçiriləcək ən möhtəşəm tədbir kimi yadda qalacaq.
Papa Fransisk və Baş imam şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə keçiriləcək ikitərəfli görüşlərdə diskussiyalar da aparacaqlar. Onlar Şeyx Zayed Böyük Məscidini də ziyarət edəcəklər. Pontifikin Müsəlman Ağsaqqallar Şurasının üzvləri ilə görüşü də nəzərdə tutulub. Fevralın 4-də isə Əbu-Dabidə dünyanın müxtəlif ölkələrindən gələcək dini liderlərin iştirakı ilə ümumbəşəri qardaşlığa həsr olunmuş görüş təşkil olunacaq.
Bildirilir ki, BƏƏ özünün 47 illik tarixində ölkədə çoxmillətli əhalinin dinc yanaşı yaşamasını dəstəkləyib və bu səfərləri tolerantlıq ili kimi qəbul edilmiş 2019-cu ilin ən əlamətdar hadisəsi kimi qiymətləndirir. Eyni zamanda, bu görüşlər regionda sabitliyin və inkişafın təmin edilməsinə ölkənin töhfəsi olacaq.
BƏƏ rəhbərliyi hesab edir ki, ölkədə konfessiyalararası dialoqun və vicdan azadlığının uzun tarixi var. Əbu-Dabidə ilk katolik kilsəsinin əsası 1965-ci ildə qoyulub. Arxeoloqlar da Sir Bəni Yas adasında VII əsrə aid kilsə və monastır xarabalıqlarını aşkar ediblər. Bu gün BƏƏ-də 76 kilsə və digər ibadət məkanları fəaliyyət göstərir. Hökumət tərəfindən ölkə ərazisində bu cür binaların tikintisi üçün torpaq sahələri də ayrılır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu–Dabi

Din 2019-01-22 14:40:00