Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycan Yazıçılar Birliyində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Bakı, 22 yanvar, AZƏRTAC

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri açan AYB-in katibi, yazıçı İlqar Fəhmi 20 Yanvar faciəsi barədə ətraflı məlumat verib. Həmin qanlı gecənin dəhşət dolu anlarını xatırlayan İ.Fəhmi hələ də bəzi məsələlərin sirli qaldığını qeyd edib.
AYB-in sədri, Xalq yazıçısı Anar 20 Yanvar hadisələrini xalqımızın tarixində, taleyində ən faciəli günlərdən biri kimi xatırlayıb. Xalq yazıçısı qanlı gecəyə qədər baş vermiş hadisələrdən söhbət açaraq həmin faciəvi hadisənin səbəbkarlarından, Mixail Qorbaçovun cinayətkarlığından danışıb və bu vəhşiliklərdə ermənilərin fəal iştirakına aid faktlar söyləyib.
AYB-in birinci katibi, Xalq şairi Fikrət Qoca 20 Yanvar hadisəsinin matəm günü olaraq anılmasını, bu tarixi hadisənin Azərbaycan milli azadlıq hərəkatının təməlini təşkil etməsini bildirib. Azərbaycan xalqının başına gələn müsibətlərdən danışan Xalq şairi həmin müdhiş gecədə uşaq, qadın, yaşlı demədən insanları vəhşicəsinə qətlə yetirələnlərin, dinc insanlarımıza qarşı qətliam törədənlərin hələ də cəzasız qaldığını vurğulayıb.
Yazıçı Seyran Səxavət həmin gecə Bakıda olmadığını təəssüf hissi ilə dilə gətirərək hadisəni eşitdikdən sonra BBC kanalına rus və fars dilində geniş müsahibə verdiyini bildirib. Hadisədən bir neçə gün sonra çətinliklə də olsa fransız jurnalistləri Azərbaycana dəvət etdiyini və bu jurnalistlərin hadisələri çəkib dünyaya çatdırdığından danışıb.
“Qobustan” jurnalının baş redaktoru Vaqif Əlixanlı hadisələri ürək ağrısı ilə xatırladığını bildirib. O, 20 Yanvar şəhidlərinin o gecə müstəqillik yolunda şanlı tarix yazdığını qeyd edib.
Çıxış edənlər o faciəli günlərdə şairlərin, yazıçıların fəal şəkildə haqq səsimizi dünyaya çatdırmağa çalışdıqları bildirilib.
Tədbirdə şairlər şəhidlərə ithaf etdikləri şeirlərini oxuyublar.

Mədəniyyət 2019-01-22 11:30:00