×
A
A
A
Sazlamalar

20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Batumi Dövlət Universitetində anım tədbiri təşkil edilib

Tbilisi, 21 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərindəki baş konsulluğu Ş.Rustaveli adına Batumi Dövlət Universitetində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirib.
Baş konsulluqdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə əvvəlcə qonaqlar 20 Yanvar hadisələrini əks etdirən fotosərgi ilə tanış olublar. Baş konsul Pərviz İsmayılzadə çıxış edərək sovet ordusunun 1990-cı ilin yanvarında Bakı şəhərində törətdiyi cinayətlərdən, paytaxtın dinc sakinlərinə qarşı görünməmiş qəddarlıqla həyata keçirdiyi qanlı aksiyadan danışıb. O, ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirərək keçmiş SSRİ rəhbərliyini Bakıda qan tökdüyünə görə rəsmən ittiham etdiyini xüsusi vurğulayıb.
Diplomat Bakının ən uca nöqtəsində Şəhidlər xiyabanının salındığını və bu xiyabanda 20 Yanvar faciəsi qurbanlarının dəfn olunduğunu qeyd edib. Bildirib ki, bu gün ziyarət yerinə çevrilmiş Şəhidlər xiyabanı Azərbaycanın hər bir vətəndaşının qürur duyduğu müqəddəs bir məkandır. Hər il yanvarın 20-də yüz minlərlə insan canlarını doğma Vətənin azadlığı və müstəqilliyi yolunda qurban vermiş mərd oğul və qızlarımızın uyuduğu bu məkanı ziyarət edir, şəhidlərin xatirəsini dərin ehtiramla yad edir.
Batumi Dövlət Universitetinin rektoru Merab Halvaş çıxışında 20 Yanvar və 9 Aprel hadisələrinin eyni ssenari üzrə həyata keçirildiyini, Azərbaycan və gürcü xalqlarının tarixin bu acı sınağından qalib çıxdıqlarını qeyd edib. O, bu faciələrin qan yaddaşımızdan heç vaxt silinməyəcəyini vurğulayıb.
Hüquq üzrə ekspert, professor Rostom Quntaişvili 20 Yanvar hadisələrinin səbəb və nəticələrindən danışıb, bu qanlı faciənin Azərbaycanın yeni tarixinin ən acı səhifələrindən biri olduğunu, yüzlərlə vətəndaşımızın qətlə yetirildiyini və yaralandığını, həmçinin ölkədə böyük dağıntıların törədildiyini diqqətə çatdırıb.
Çıxışlardan sonra 20 Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş etdirilib.
Tədbir çərçivəsində ehsan süfrəsi açılıb.


Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

20 yanvar 2019-01-21 21:08:00