×
A
A
A
Sazlamalar

20 Yanvar qurbanlarının xatirəsi Moldovada da yad edilib

Kişineu, 21 yanvar, AZƏRTAC

Azərbaycanın Moldovadakı səfirliyində 20 Yanvar faciəsinin günahsız qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Moldova Azərbaycan diasporasının nümayəndələri, Moldova ictimai xadimləri, ziyalılar, azərbaycanlı tələbələr iştirak ediblər.
Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfir Qüdsi Osmanov tədbirdə çıxış edərək Azərbaycan tarixinin qanla yazılmış səhifələrindən biri olan 20 Yanvar faciəsi barədə məlumat verib, bu cinayəti keçmiş sovet ordusunun Azərbaycan xalqının söz azadlığını məhv etmək üçün əl atdığı amansız üsulun təzahürü kimi qiymətləndirib. O, yüzlərlə insanın haqsız yerə qanının axıdıldığını, lakin bunun xalqın azadlıq istəyini boğa bilmədiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan xalqı xoşbəxt xalqdır, çünki onun müstəqil dövləti var. Hər bir xalqın gələcəyi olan gənc nəsil maariflənməli, öz xalqının tarixini dərindən bilməli, diplomatlarımız, təhsilli gənclərimiz isə qələmlə xalqın keşiyində durmalıdırlar.
Səfir baş vermiş hadisələrdən artıq 29 il keçməsinə baxmayaraq, bu gün də həmin hadisələrin xalqın yaddaşında yaşadığını, günahsız qurbanların xatirəsinin daim hörmət və ehtiramla yad edildiyini, heç zaman unudulmadıqlarını diqqətə çatdırıb. Həmçinin qeyd edib ki, bu gün Prezident İlham Əliyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müdrik xarici siyasət yürüdür, dövlətimiz dünya arenasında öz sözünü deyən digər nüfuzlu dövlətlərlə bir sırada inamla addımlayır. Hazırda Azərbaycan Respublikasının güclü ordusu vardır. Bu ordu xalqın keşiyində böyük mərdliklə durur.
Daha sonra Moldova azərbaycanlıları konqresinin rəhbəri Vüqar Novruzov çıxış edib. O, xalqımızın başına gətirilən 20 Yanvar faciəsinin acı nəticələrindən danışıb və tarixin qanlı səhifəsi olan 20 Yanvarın bu gün də böyük acı ilə xatırlandığını bildirib.
Sonda tədbir iştirakçıları səfirlikdə təşkil edilmiş stendlə tanış olub, önünə qərənfillər düzüblər.

 

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu

20 yanvar 2019-01-21 19:24:00