×
A
A
A
Sazlamalar

20 Yanvar faciəsi Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılıb

Bakı, 21 yanvar, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasının Heydər Əliyev Mərkəzində Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə nazirliyin Veteranlar Şurasının sədri Fərhad Süleymanov, Bakı Şəhər Baş Polis İdarəsinin Veteranlar Şurasının sədri Emin Məmmədov, akademiyanın müəllim və kursantları iştirak ediblər.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
F.Süleymanov şəhidlərimizin adlarının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu bildirib. Diqqətə çatdırılıb ki, sovet imperiyası tərəfindən xüsusi qəddarlıqla törədilmiş bu qanlı cinayət, dinc əhaliyə qarşı misli görünməmiş vəhşiliklə divan tutulması xalqımızın müstəqillik əzmini qırmaq məqsədi daşıyırdı. Lakin xalqımızın ümummilli lideri Heydər Əliyevin bəyan etdiyi kimi, Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi.
Sonra Polis Akademiyası rəisinin tədris və elmi işlər üzrə müavini, polis polkovniki Mahir Əhmədov çıxış edərək tarixi faktları gənc kursantların diqqətinə çatdırıb.
Digər çıxışlarda xalqımıza qarşı törədilmiş belə ağır cinayətlərin dünya ictimaiyyəti və beynəlxalq qurumlar tərəfindən tanınması, ona insanlıq əleyhinə cinayət kimi siyasi-hüquqi qiymətin verilməsi, günahkarların cəzalandırılması istiqamətində Azərbaycan dövlətinin apardığı xarici siyasətin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, 20 Yanvar xalqımızın birliyinə mühüm təkan verən, Azərbaycan tarixinin qanlı və şanlı səhifələrindən olan bir gündür.

20 yanvar 2019-01-21 16:13:00