×
A
A
A
Sazlamalar

Qanlı Yanvar faciəsinin qurbanlarının xatirəsi Abu-Dabidə də anılıb

Bakı, 21 yanvar, AZƏRTAC
Qanlı Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı Abu-Dabidə də anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Abu-Dabi və Dubay şəhərlərində yaşayan Azərbaycan icmasının üzvləri, Azərbaycan səfirliyinin və ölkəmizin Dubay şəhərində baş konsulluğun əməkdaşları iştirak ediblər.
Əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən səfir Daşqın Şikarov bildirib ki, 20 Yanvar Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Xalqımız azadlıq əzmini itirməyib, əksinə, haqq səsini daha ucadan bəyan edib. Düz 29 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
Səfir sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımızın o dəhşətli günlərin ağrı-acısını unutmadığını qeyd edib. Bildirib ki, SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən Ermənistanın təcavüzkar siyasətinin açıq-aşkar dəstəklənməsinə və respublikanın ozamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciəyə gətirib çıxardı, günahsız insanların ölümü ilə nəticələndi. Həmin vaxt Moskvada yaşayan xalqımızın dahi oğlu ulu öndər Heydər Əliyev həyatını təhlükəyə ataraq faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı.
Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı. 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi.
Səfir bildirib ki, 20 Yanvar Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzinə çevrilib, müasir Azərbaycan tarixində dönüş nöqtəsi olub, xalqımızın müstəqillik əldə etmək əzmini möhkəmləndirib.
Vurğulanıb ki, bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası regional və qlobal səviyyədə dinamik inkişafda olan ölkələr sırasında öz layiqli yerini tutur.
Azərbaycanın Dubay və Şimal Əmirliklərindəki baş konsulu Cavidan Hüseynov çıxış edərək 20 Yanvar hadisələrinin səbəblərinə, onu müşayiət edən erməni təcavüzünün ilk işartılarına geniş nəzər salıb. Bütün bunların Azərbaycan xalqına qarşı əvvəlcədən hazırlanmış ssenari olduğunu xüsusilə qeyd edib.
Azərbaycanın BƏƏ-də ticarət nümayəndəsi Elnur Əliyev 1990-cı ilin 20 yanvar tarixinin Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi olduğunu qeyd edib. O, 20 Yanvarın xalqımızın mübarizliyinin, qəhrəmanlığının, birliyinin təcəssümü olduğunu diqqətə çatdırıb.
Bakının ən möhtəşəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanının xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrildiyini deyən Abu-Dabi şəhərindəki Azərbaycan icmasının fəalı Adil Salmanov şəhidlərimizin və Şəhidlər xiyabanının azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu olduğunu söyləyib.
Daha sonra çıxış edən Dubay şəhərində Azərbaycan icmasının sədri Adelya Məmmədova 20 Yanvar hadisələrində Azərbaycanda yaşayan bütün millətlərin və dinlərin nümayəndələrinin iştirak etdiyini bildirib. Qeyd edib ki, ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə həyata keçirilmiş 20 Yanvar faciəsi totalitar rejimin Azərbaycan xalqına qarşı hərbi təcavüzüdür.
Çıxışlardan sonra 20 Yanvar hadisələri haqqında sənədli film nümayiş etdirilib.
Tədbir çərçivəsində fotosərgi təşkil edilib və ehsan süfrəsi açılıb.

Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Abu-Dabi

20 yanvar 2019-01-21 14:10:00