×
A
A
A
Sazlamalar

Abşeron rayonunda 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərlə görüş keçirilib

Xırdalan, 21 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC 

Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 20 Yanvar şəhidi ailələrinin üzvləri və əlillərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə görüşdə 20 Yanvar faciəsi qurbanlarının, Azərbaycanın suverenliyi uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova qeyd edib ki, bu faciə xalqımızın qan yaddaşına əbədi həkk olunub. Keçmiş sovet ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhrəmanlarıdırlar. Ümummilli lider Heydər Əliyev 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələrinə, əlil olmuş vətəndaşlara daim diqqət və qayğı ilə yanaşıb. Bu siyasət Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. Ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslər dövlətimizin başçının hər zaman diqqət mərkəzindədir.
Şəhid ailələri üzvləri və əlillər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Görüşdə İradə Gülməmmədova şəhid ailələri və 20 Yanvar əlillərinin məişət qayğıları və problemləri ilə maraqlanıb.
Sonda şəhid ailələrinə və əlillərə maddi yardım göstərilib.

Regionlar 2019-01-21 13:44:00