×
A
A
A
Sazlamalar

Nizami Kino Mərkəzində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir təşkil edilib

Bakı, 20 yanvar, AZƏRTAC

Yanvarın 20-də Nizami Kino Mərkəzində “Çarə Sizsiniz” və “Əngəl Sərhəd Tanımaz” komandalarının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın Dövlət himni səsləndirilib.
“Çarə Sizsiniz” komandasının könüllüsü Ülviyyə Mütəllimova iştirakçılara Qanlı Yanvar faciəsi haqqında ətraflı məlumat verib.
Sonra eşitmə və danışma məhdudiyyətli gənclərlə birlikdə hazırlanmış və şəhidlərin əziz xatirəsinə həsr olunmuş videoçarx təqdim edilib.
"Çarə Sizsiniz” komandasının rəhbəri Nur Ülviyyə Həsrətova və “Əngəl Sərhəd Tanımaz” komandasının rəhbəri Həsən Məmmədova 20 Yanvar faciəsi haqqında danışıb və tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə çıxış edənlər də tədbirin əhəmiyyətindən bəhs edib, xalqımızın qəhrəmanlıq səhifələrindən biri olan 20 Yanvar faciəsinin və o gecə əbədiyyətə qovuşan şəhidlərimizin xatirəsini həmişə əziz tutacaqlarını bildiriblər.
Sonda "Çarə Sizsiniz” komandasının könüllüsü Günel Cəfərova şəhidlərin xatirəsinə ithaf etdiyi “Şəhid Məktubu” şeirini söyləyib.
Qeyd edək ki, tədbirdə incəsənət nümayəndələri, könüllülər, xeyriyyəçilər, fəal gənclər, fiziki məhdudiyyətlilər və mətbuat nümayəndələri iştirak ediblər.

20 yanvar 2019-01-20 21:28:00