×
A
A
A
Sazlamalar

Şirvan bölgəsində 20 Yanvar faciəsinin ildönümü qeyd edilib

Ağsu, 20 yanvar, AZƏRTAC
Yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıya silahlı basqını, dinc, əliyalın insanların gülləbaran edilməsi, bu zaman hətta qadağan olunan silah və sursatlardan istifadə olunması Azərbaycan xalqının azadlıq ruhuna qarşı yönəldilən bir qəsd idi. İyirmi doqquz il əvvəl törədilən bu qəsd tariximizin qanla yazılan səhifələrindəndir. Həmin vaxt 147 nəfər mülki şəxs amansızlıqla öldürülüb, 744 nəfər dinc, günahsız insan yaralanıb, 841 nəfər qanunsuz həbs edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, artıq hər bir azərbaycanlının şüuruna əbədi həkk olunan bu dəhşətli məlumatlar yanvarın 20-də səhər saatlarında Ağsu şəhərindəki Qəhrəmanlar parkına toplaşan minlərlə sakinin keçirdiyi anım mərasimində bir daha səsləndirilib.
İzdihamlı mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev təcavüzün başvermə səbəblərindən və acı nəticələrindən danışıb, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İcra başçısı diqqətə çatdırıb ki, o vaxt informasiya blokadasında olan Azərbaycanda baş verən qanlı faciəyə ilk siyasi qiyməti ümummilli lider Heydər Əliyev verib. SSRİ rəhbərliyinin min fitnə-fəsadı ilə siyasi səhnədən kənarlaşdırılan Ulu Öndər yanvarın 21-də özünü və ailə üzvlərini təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib, mətbuat konfransı keçirərək faciənin səbəblərini və təşkilatçılarının adlarını dünya ictimaiyyətinə açıqlayıb.
Tədbirdə mədəniyyət işçilərinin ifasında qanlı faciəyə, Azərbaycana, Milli Ordumuza həsr edilən şeirlər səsləndirilib.
Sonra tədbir iştirakçıları xatirə kompleksinə, daha sonra şəhid məzarlığına qərənfillər düzüb, Vətənin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

***

Qobustanda 20 Yanvar faciəsinin ildönümünü izdihamlı şəkildə qeyd edilib.
Səhər saatlarında rayon rəhbərləri, idarə, müəssisə və təşkilatların, hüquq-mühafizə orqanlarının kollektivləri şəhidlərin abidəsini ziyarət edərək önünə qərənfillər düzüblər. Sonra rayon icra hakimiyyətinin akt zalına 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib. İlk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon icra hakimiyyətinin başçısı Adil Məmmədovun “20 Yanvar milli qürur günümüzdür” mövzusunda məruzə edib. Vurğulanıb ki, 1990-cı il yanvarın 20-si Azərbaycan tarixində təkcə faciə kimi deyil, eyni zamanda, xalqımızın istiqlal yolunun, müstəqillik arzularının zirvəsi, milli məfkurəmizdə azadlıq istəyinin oyanış günü kimi daima yaşayacaq. 20 Yanvar həm də uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz ərazi bütövlüyü, suverenliyi uğrunda qəhrəmanlıq, mərdlik nümayiş etdirdiyi şərəfli bir gündür.
Məruzədə qeyd olunub ki, azadlığımızın bərpası yolunda ilk şəhidlərin verildiyi Qanlı Yanvar gecəsi cəsarətin, fədakarlığın, milli məfkurənin dönməz oyanışının əyani təcəssümü idi. Baş verən hadisələr xalqımızın azadlıq arzusunun, müstəqillik idealının 70 il davam edən sovet hərb maşınının repressiyasına rəğmən sönmədiyini, əksinə, yeni güc qazandığını bir daha nümayiş etdirdi. Bununla Azərbaycan xalqı zülmə, ədalətsizliyə və zorakılığa boyun əyməyəcəyini, milli iradəsinin sarsılmazlığını təkcə imperiya rəhbərliyinə deyil, bütün dünyaya göstərdi.
Sonra ümumtəhsil məktəblərinin və şəhər uşaq incəsənət məktəbinin müəllim və şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilib, 20 Yanvar faciəsindən bəhs edən film göstərilib.

***

Göyçayda 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü minlərlə rayon sakininin qatıldığı anım mərasimində bir daha yad edilib.
Yanvarın 20-də səhər insanlar Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan insanların əziz xatirəsini ehtiramla yad ediblər. Çıxışlarda Qanlı Yanvar gecəsi sovet hərbi hissələrinin torpaqlarımızın azadlığı, Azərbaycanın suverenliyi uğrunda dinc mübarizəyə qalxan silahsız insanları gülləbaran edərək vəhşicəsinə qətlə yetirmələri bir daha xatırlanıb. Qeyd edilib ki, aralarında yaşlılar, qadınlar və uşaqlar olmaqla 147 nəfər silahsız mülki şəxs amansızcasına öldürülüb, 744 nəfər yaralanıb, xeyli insan qanunsuz həbs edilib.

***

20 Yanvar faciəsinin iyirimi doqquzuncu ildönümü Kürdəmirdə də böyük ehtiramla yad edilib.
Səhər saatlarında minlərlə rayon sakini 20 Yanvar parkına gələrək burada ucaldılan “Ana harayı” abidəsinin önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Mərasim iştirakçıları məktəblilərin ifasında 20 Yanvar faciəsinə həsr edilən kompozisiyaya baxıb, şagirdlərin əl işlərindən ibarət rəsm və kitab sərgiləri ilə tanış olublar.
Sonra iştirakçılar rayonun Şəhidlər xiyabanında ucaldılan Şəhidlər abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Sonda mərasim iştirakçıları 2016-cı il Aprel döyüşlərində şəhid olan baş leytenant Əbu Bəkr İsmayılovun yaşadığı evin qarşısındakı barelyefin önünə çiçəklər düzüblər. Həmin döyüşlərdə ermənilərin qəfil hücumunu dəf edərkən qəhrəmancasına şəhid olan Sığırlı kənd sakini, gizir Tural Qurbanovun məzarı da ziyarət olunub.

***

Şamaxı, Ağdaş, İsmayıllı, Ucar və Zərdab rayonlarında da on minlərlə insan Azərbaycanın müstəqillik tarixinin qanlı səhifəsi olan 20 Yanvar faciəsinin ildönümünü ehtiramla yad edib.

Regionlar 2019-01-20 17:44:00