Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Sovet imperiyasının hərb maşını xalqımızın azadlıq arzusunu boğa bilmədi

Sumqayıt, 20 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC
Xalqımızın azadlıq, istiqlal mübarizəsinin simvoluna çevrilən, Azərbaycan xalqının qan yaddaşına qəhrəmanlıq günü kimi əbədi yazılan 20 Yanvar faciəsinin 29-cu ildönümü Sumqayıt şəhərində də böyük izdihamla qeyd olunub. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları, şəhərin hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyətin nümayəndələri səhər saatlarında Sumqayıtdakı şəhidlər memorial kompleksə gəliblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın Respublikasının dövlət himni səsləndirilib. Saat 12-də ölkəmizin hər yerində olduğu kimi Sumqayıtda da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra anım mərasimin iştirakçıları şəhidlər xiyabanında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ucaldılan abidəni və Vətənin qəhrəman övladlarının məzarlarını ziyarət ediblər. Şəhidlərin ruhuna dualar oxunub.
Sumqayıtlılar da 20 Yanvarı yalnız faciə kimi deyil, şərəf və qəhrəmanlıq günü kimi xatırlayırlar. Xalqımızın azadlıq, istiqlal mübarizəsinin qarşısını hər cəhdlə almağa çalışan sovet imperiyasının Bakıda və respublikamızın digər şəhər və rayonlarında törətdiyi amansız qırğınlar, günahsız insanların qətlə yetirilməsi xalqımızın azadlıq arzusunu boğa bilmədi. Bu tarixi faciə, milli iftixar hissinin və milli müstəqillik ideyalarının formalaşmasına güclü zəmin yaradıb. 20 Yanvar faciəsindən sonra ölkənin milli müstəqilliyinin dönməzliyi birmənalı şəkildə dərk olunub. Xalqımız Vətən şəhidlərini heç vaxt unutmur, ruhlarını həmişə yad edir.

X X X

Həmin gün 20 Yanvar faciəsində şəhid olmuş sumqayıtlı alimlər İbrahim İbarhimovun, İsmayıl Mirsaqulovun və Svetlana Məmmədovanın Ceyranbatan qəsəbəsi ərazisində yerləşən xatirə abidəsi də ziyarət edilib. Alimlər işdən Bakıya qayadan zamanı onların dövlət nişanlı “VAZ 21011” markalı avtomobilini BTR əzərək keçib.

Regionlar 2019-01-20 16:12:00