×
A
A
A
Sazlamalar

Azərbaycanda şəhid ailələrinə dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilir

Bakı, 20 yanvar, AZƏRTAC

Ulu öndər Heydər Əliyev 1990-cı ilin 20 Yanvar faciəsinə əsl siyasi-hüquqi qiymət verməklə yanaşı, “20 Yanvar şəhidi” fəxri adını da təsis edib. Ümummilli Lider bu faciənin qurbanlarının sosial müdafiəsini daim xüsusi diqqət mərkəzində saxlayırdı. Dahi şəxsiyyət hakimiyyətdə olduğu dövrdə şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında, həlak olanların ailələrinə yardım göstərilməsi istiqamətində müxtəlif fərman və sərəncamlar imzalayıb. Şəhid ailələrinin və əlillərin sosial müdafiəsi ilə bağlı dövlət siyasəti hazırda Ulu Öndərimizin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Şəhid ailələrinə və əlillərə dövlət tərəfindən həm maddi, həm də mənəvi dəstək göstərilir. Şəhid ailələri dövlət tərəfindən birdəfəlik müavinət və təqaüd alır, dövlət büdcəsi hesabına mənzil və avtomobillərlə təmin edilirlər.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində 20 Yanvar meydanındakı Qanlı Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış memorial abidə kompleksini ziyarətə gələn 20 Yanvar Fondunun sədri Şövqü Bünyadzadə deyib.
Ş.Bünyadzadə bildirib ki, rəhbərlik etdiyi qurum 20 Yanvar hadisələri zamanı şəhid olmuş insanların ailə üzvlərinin və əlillərin problemlərinin həllinə və hüquqlarının qorunmasına dəstək verir. 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirilir. “Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlətimizin başçısının son dövrlərdə imzaladığı fərmanlar göstərilən diqqət və qayğının əyani nümunəsidir. Bütün bunlara görə şəhid ailələri adından Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk”, - deyə o vurğulayıb.

20 yanvar 2019-01-20 16:08:00