Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Gənclərimiz 20 Yanvar meydanında faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etməklə tariximizi yada salırlar

Bakı, 20 yanvar, AZƏRTAC

İyirmi Yanvar hadisələri mənim gözlərimin önündə baş verib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıda ağlasığmaz vəhşiliklər törədərək gəncləri, qadınları, yaşlıları qətlə yetiriblər. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını hər şeydən uca tutan Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Mən o vaxt K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda baş həkim işləyirdim. Orada 100-dən çox yaralı var idi. Mən M.Nağıyev adına təcili tibbi yardım xəstəxanasında həkim işləyən həyat yoldaşımla küçədəki yaralı insanlara kömək edirdim. Bizim başımıza yolda çox müsibətlər gəldi. Üstümüzə tanklar, silahlı əsgərlər gəlirdi. Biz həkimlərə qarşı belə təcavüz olacağına inanmırdıq. Həmin hadisələr zamanı biz həkimlər də şəhid ola bilərdik.
Bu sözləri 20 Yanvar meydanında faciə qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edən həmin hadisələrin şahidi, Yeni Azərbaycan Partiyası Yasamal rayon Qadınlar Şurasının sədri Tamilla Şahbazova AZƏRTAC-a müsahibəsində deyib.
Tamilla Şahbazova qeyd edib ki, bu gün gənclərimiz Yasamal rayonunda faciənin 29-cu ildönümü ilə əlaqədar 20 Yanvar meydanındakı abidə kompleksinin önünə gül düzüb şəhidlərin xatirəsini ehtiramla yad edirlər. Gənclərimiz bu abidəni ziyarət etməklə tariximizi yada salırlar. Bununla da qan yaddaşımız xatırlanır. Bu hadisələr daim bizim yaddaşımızda qalacaq. O zaman analar, uşaqlar, gənclər şəhid oldular. İllər ötsə də gənclərimiz bu qəhrəmanlarımızı heç vaxt unutmamalıdırlar. Gənclər bu hadisələr barədə məlumatlı olmalıdır.

20 yanvar 2019-01-20 16:01:00