×
A
A
A
Sazlamalar

20 Yanvar xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsidir

Şəki-Zaqatala bölgəsi, 20 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar hadisələrindən 29 il ötür. Müasir Azərbaycan tarixinin ən faciəli, eyni zamanda, xalqımızın azadlıq mübarizəsinin ən şanlı səhifələrindən olan 20 Yanvar faciəsinin ildönümü respublikamızın şimal-qərb bölgəsində də xalqımızın qəhrəmanlıq salnaməsi, milli qürur günü kimi qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, faciənin ildönümü ilə əlaqədar yanvarın 20-də Qax şəhərində keçirilən ümumrayon tədbirinin iştirakçıları, əmək kollektivlərinin nümayəndələri, rayon sakinləri səhər saatlarından etibarən Şəhidlər xiyabanına gələrək Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş igid həmyerlilərin məzarları üzərinə gül-çiçək düzüb, şəhidlərin ölməz xatirəsini ehtiramla yad ediblər.
Rayon Təhsil Şöbəsinin konfrans zalında keçirilən anım tədbirinin iştirakçıları əvvəlcə foyedə məktəblilərin “Qanlı Yanvar” mövzusunda çəkdikləri rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək 1990-cı il yanvarın 20-də baş verən faciəli hadisələrin süquta uğramaqda olan sovet imperiyasının xalqımıza qarşı törətdiyi amansız cinayət olduğunu bildirib. Qeyd olunub ki, bu hadisələr, eyni zamanda, xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinin kulminasiya nöqtəsi olmaqla, müasir tariximizə qürur və şərəf mübarizəsi, qəhrəmanlıq salnaməsinin yazıldığı gün kimi daxil olub.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Vəfa Heydərova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin rəisi Fuad Hüseynov və başqaları çıxış edərək 20 Yanvar hadisələrinin müasir Azərbaycan tarixində xalqımızın azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrindən biri kimi böyük əhəmiyyət daşıdığını vurğulayıblar. Bildirilib ki, 1990-cı ilin 20 yanvar gecəsində Azərbaycan xalqı özünün yenilməzliyini, azadlıq uğrunda mübarizə əzmini bir daha bütün dünyaya bəyan edib.

X X X

1990-cı ilin 20 yanvarı Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi idi. Xalqımız bu faciənin qurbanlarını hüznlə anmaqla bərabər, onların şəhidlik zirvəsinə baxaraq, başını daim dik tutur. Çünki Vətən və torpaq şəhidləri ilə ucalır. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməyib. Həmin müdhiş gecədə şəhid olan Vətən oğulları Azərbaycanın tarixinə şanlı səhifə yazıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Qanlı Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar yanvarın 20-də Şəki şəhərində keçirilən ümumşəhər toplantısında səsləndirilib.
Şəhər rəhbərliyi, əmək kollektivləri, ictimaiyyətin nümayəndələri, müharibə və əmək veteranları, gənclər səhər saatlarından başlayaraq Şəkinin dağüstü ərazisində yerləşən Şəhidlər xiyabanına gələrək Vətənimizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş igid Vətən oğullarının məzarları üzərinə qırmızı qərənfillər düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Ümumşəhər toplantısında şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki şəhər şöbəsinin rəisi Yalçın Sadıqlı, Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Məmmədnuru Əzizov çıxış ediblər. Çıxışçılar 20 Yanvar hadisələrinin xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz olduğunu bildiriblər. Vurğulanıb ki, Azərbaycan xalqı bu qanlı hadisələr zamanı öz qürurunu itirməyib, onun iradəsi qırılmayıb. Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar, eyni zamanda, xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. 20 Yanvarı hüzn günü kimi qeyd etsək də, o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq.
Çıxış edənlər faciənin günahkarlarının üzə çıxarılmasında, 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndiriblər.
Həmin gün şəhərdəki Cümə Məscidində şəhidlərin ruhuna dualar oxunub. Saat 12.00-da rayonun bütün yaşayış məntəqələrində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar şəhər icra hakimiyyəti tərəfindən şəhid ailələrinə maddi yardım göstərilib.

X X X

20 Yanvar faciəsinin ildönümü Oğuz rayonunda da xalqımızın qəhrəmanlıq salnaməsi və şərəf günü kimi qeyd olunub.
Yanvarın 20-də Oğuz şəhərindəki Şəhidlər xiyabanında ümumrayon anma mərasimi keçirilib. Rayon ictimaiyyəti nümayəndələrinin, sadə insanların iştirak etdiyi tədbirdə Qanlı Yanvarın xalqımızın qan yaddaşına əbədi həkk olunduğu xüsusi vurğulanıb. Bildirilib ki, həmin vaxtdan 29 il ötsə də, sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi planlı terror aktı bəşər tarixində insanlığa qarşı ən ağır cinayət olaraq qalacaq. Həmin gün öz milli azadlığı, ərazi bütövlüyü uğrunda inamla mübarizəyə başlayan xalq kütləvi terrorla üz-üzə qalıb, yüzlərlə insan sovet rejiminin ən ağır cinayətlərindən birinin qurbanı olub, yaralanıb, itkin düşüb. Vurğulanıb ki, nə qədər ağrılı, acılı olsa da, 20 Yanvar faciəsi həm də şərəf tariximiz, 20 Yanvar şəhidləri isə qürur yerimizdir. Azərbaycan məhz öz vətənpərvər oğul və qızlarının rəşadəti sayəsində uzun illər həsrətində olduğu müstəqilliyinə, azadlığına qovuşub.

X X X

Qanlı Yanvar faciəsinin 29-cu ildönümü Balakən rayonunda silsilə tədbirlə qeyd olunub.
Faciənin ildönümü ilə bağlı rayonun idarə, müəssisə və təşkilatlarında, ümumtəhsil məktəblərində, mədəniyyət ocaqlarında, kitabxanalarda şəhidlərin xatirəsinə həsr olunan konfranslar, xatirə gecələri, dəyirmi masalar, şəhid ailə üzvləri ilə görüşlər keçirilib, idmanın müxtəlif növləri üzrə turnirlər, məktəblərdə inşa yazı və rəsm müsabiqələri təşkil olunub.
Yanvarın 20-də rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanına gələrək, ərazi bütövlüyümüz uğrunda döyüşlərdə şəhid olmuş igidlərimizin məzarları üzərinə gül-çiçək düzüb, şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər.
Rayon Mədəniyyət Mərkəzində keçirilən xatirə tədbirinin iştirakçıları əvvəlcə foyedə şəhidlərin xatirəsinə həsr olunmuş rəsm sərgisinə baxıblar.
Tədbirdə 20 Yanvarın Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğu vurğulanıb, bu hadisələrin xalqımızın qan yaddaşından heç vaxt silinməyəcəyi qeyd olunub.
Sonda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Regionlar 2019-01-20 15:49:00