Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

20 Yanvar şəhidlərinin xatirəsi Ağdamda da böyük ehtiramla yad edilib

Ağdam, 20 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC 

Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin 29-cu ildönümü Ağdam rayonunda böyük ehtiramla yad edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon rəhbərliyi, ağsaqqallar, gənclər, ziyalılar, əmək kollektivlərinin nümayəndələri, müharibə veteranları, şəhid ailələrinin üzvləri, hərbçilər rayonun girişindəki Şəhidlər abidə kompleksi önünə tər qərənfillər düzüblər. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının ruhuna dualar oxunub.
Ümumrayon anma mərasimində çıxış edən icra hakimiyyətinin başçısı Vaqif Həsənov xalqımızın azadlıq mübarizəsindən, 20 Yanvar faciəsinin səbəblərindən və ağır nəticələrindən danışıb. Bildirilib ki, keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. O qanlı gecədə milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs edilib. Lakin sovet rəhbərliyinin xalqın iradəsini, milli azadlıq hərəkatını boğmaq niyyəti baş tutmadı. Bu yolda şəhidlər verən xalqımız milli azadlıq mübarizəsini davam etdirərək müstəqilliyə qovuşdu. Azərbaycan tarixinin şanlı səhifələrindən olan 20 Yanvar faciəsi qurbanlarının xatirəsi xalqımızın qəlbində yaşayır və daim yaşayacaq.
Çıxışlarda qanlı Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsində, faciənin günahkarlarının üzə çıxarılmasında, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz tarixi xidmətlərindən də bəhs edilib.
Tədbirdə Ağdam Dövlət Dram Teatrının hazırladığı kompozisiya nümayiş olunub.

Regionlar 2019-01-20 14:21:00