×
A
A
A
Sazlamalar

20 Yanvar şəhidlərinin qəhrəmanlığı gənclərə əsl vətənpərvərlik nümunəsidir

Bakı, 20 yanvar, AZƏRTAC

Qanlı Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsini ən parlaq şəkildə əks etdirən qəhrəmanlıq salnaməsidir. Bu gün ölkəmizin hər bir vətəndaşı bu müqəddəs məkanı ziyarət etməyə borcludur. Bu baxımdan, mən də özümə borc bildim ki, şəhidlərimizin məzarını ziyarət edim. Şəhidlərimizin qəhrəmanlığı gənclərə əsl vətənpərvərlik nümunəsidir.
Bu sözləri Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycanın oğul və qızlarının əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gələn Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzəzadə AZƏRTAC-a müsahibəsində deyib.
O bildirib ki, vaxtilə güvənib etibar etdiyimiz sovet qoşunları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda ağlasığmaz vəhşiliklər törədərək günahsız, əliyalın insanları qətlə yetirib. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Qanlı hadisənin ertəsi günü xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyində keçirdiyi mətbuat konfransında bu vəhşiliyi qətiyyətlə pisləyib, qətliamın başvermə səbəblərini açıqlayıb, təşkilatçıların, günahkarların adlarını cəsarətlə dünyaya bəyan edib.
Z.Mirzəzadə deyib ki, o vaxtdan 29 il keçsə də şəhidlərimizin ruhu daim əzizdir. “Qoy şəhidlərimiz rahat uyusunlar. Çünki onların azadlığı uğrunda canlarından keçdiyi Vətənimiz bu gün inkişaf edir, böyük uğurlara imza ataraq sabaha inamla baxır. 20 Yanvar şəhidləri xalqımızın azadlıq arzularının reallaşması üçün canlarından keçiblər. Xalqımız onları heç vaxt unutmayacaq. Mən tez-tez Şəhidlər xiyabanına gələrək buradakı məzarları ziyarət edirəm. Dövlətimiz tərəfindən bu gün şəhid ailələrinə yüksək qayğı göstərilir. Əlbəttə, Prezident İlham Əliyevin həyata keçirdiyi sosial–iqtisadi siyasət bu gün şəhid ailələrinin də rifahını yaxşılaşdırır, onları daim diqqət mərkəzində saxlayır”, - deyə Z.Mirzəzadə söyləyib.

20 yanvar 2019-01-20 13:26:00