×
A
A
A
Sazlamalar

20 Yanvar hadisələri xalqımızın qan yaddaşına həkk olunmuş azadlıq mübarizəsidir

Bakı, 20 yanvar, AZƏRTAC

Tariximizin şərəfli səhifəsinə çevrilmiş 20 Yanvar hadisəsinin dəhşətlərindən danışmaq çox çətindir. Həmin gecə müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxan Vətən övladlarımız ölkəmizə təcavüz edən imperiyanın hərb maşınının, təpədən-dırnağadək silahlanmış amansız ordu hissələrinin qarşısına əliyalın çıxıb, öz qanları ilə qəhrəmanlıq salnaməmizə imza atıblar.
Bu sözləri AZƏRTAC-a müsahibəsində mərd mübarizlərimizin ruhunu yad etmək üçün Şəhidlər xiyabanına gəlmiş həkim Ləman Süleymanova deyib.
Qeyd edib ki, 20 Yanvar faciəsi zamanı sovet qoşunlarının törətdikləri vəhşilikləri heç zaman unutmayacaq. Milli azadlıq yolunda şəhid olan qəhrəmanların xatirəsi xalqın yaddaşında əbədi yaşayacaq. 20 Yanvar hadisələri xalqımızın qan yaddaşına həkk olunmuş azadlıq mübarizəsidir. Həmin gün sovet imperiyası xalqımızın müstəqillik və azadlıq uğrunda mübarizə əzmini qırmaq üçün onlara qarşı misli görünməmiş qətliam törətsə də, haqq səsimizi boğa bilmədi.
Həmsöhbətim bildirib ki, 20 Yanvar qırğını nə qədər acı bir faciə olsa da, həmin günü qəhrəmanlıq rəmzi kimi xatırlamalıyıq.
“Bu gün Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir məkan vardır. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır. Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycanın oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buraya gəlir. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin”, - deyə L.Süleymanova söyləyib.

 

20 yanvar 2019-01-20 13:25:00