Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Neftçala, Salyan, İmişli və Biləsuvar rayonlarında 20 Yanvar faciəsinin ildönümü böyük izdihamla anılıb

Neftçala, 20 yanvar, Mahir Babayev, AZƏRTAC

Yanvarın 20-si - Ümumxalq Hüzn Günü Neftçalada bir sıra tədbirlərlə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun icra strukturları, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri 20 Yanvar faciəsi qurbanlarının abidəsini ziyarət edərək önünə əklil və gül dəstələri qoyub, azadlıq mübarizlərini ehtiramla anıblar.
Bakıdakı qırğınlardan sonra sovet hərb maşını xalqın iradəsini qırmaq üçün bölgələrə də üz tutdu. Bu baxımdan Neftçala da istisna olmadı. Rayonun mərkəzində şütüyən tanklar təkcə insanları deyil, yaşayış evlərini, ictimai binaları da güllələyirdi. O qanlı günlərdə Neftçala da azadlıq, müstəqillik uğrunda üç şəhid verdi, 10 nəfər rayon sakini həmişəlik əlil oldu.
Anım mərasimi məktəblilərin 20 Yanvar faciəsinə həsr olunan rəsm əsərlərindən ibarət sərginin nümayişi və ədəbi-bədii kompozisiya ilə davam edib.

X X X

Salyanda faciənin 29-cu ildönümü ilə bağlı mərasim 20 Yanvar şəhidlərinin xatirə kompleksindən başlanıb.
Abidə önünə əklil və gül dəstələri qoyulduqdan sonra rayonun icra strukturlarının rəhbərləri, ictimaiyyət nümayəndələri 20 Yanvar hadisələrində şəhid olan və Salyan qəbiristanlığında uyuyan Elçin İmanovun məzarını, həmçinin ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən salyanlı şəhidlərin uyuduğu xiyabanı ziyarət ediblər.
Çıxışlarda bildirilib ki, xalqımızın azadlıq və istiqlal mübarizəsində əsas mərhələlərdən biri olan 20 Yanvar qürur tariximizdə olduğu kimi, salyanlıların yaddaşında da əbədi iz buraxıb. Zaman keçdikcə bu faciə qəhrəmanlıq rəmzinə çevrilir və müstəqillik tariximizin bir parçası olan şəhidlərin əziz xatirəsi xalqımızın qəlbində əbədiləşir.

X X X

İmişlidə də 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib.
Rayonun rəhbərliyi, təhsil, səhiyyə, mədəniyyət işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və hərbçilər Şəhidlər xiyabanında ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının məzarlarını ziyarət edib, onların xatirəsinə ucaldılmış abidənin önünə tər qərənfillər düzüblər. 1941-45-ci il abidə kompleksi də ziyarət olunub.
Anım mərasimində çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev 29 il əvvəl sovet hərbi birləşmələrinin Bakıda törətdiyi qırğınlardan, günahsız insanlara qarşı törədilən vəhşiliklərdən danışıb. V.Hacıyev müdhiş yanvar gecəsində qəhrəman Vətən övladlarının göstərdikləri qəhrəmanlıqları konkret faktlarla xatırladıb. Bildirilib ki, 20 Yanvar faciəsi ölkəmizin tarixinə həm də qəhrəmanlıq salnaməsi kimi daxil olub.

X X X

20 Yanvar faciəsinin 29-cu ildönümü Biləsuvarda da böyük izdihamla anılıb.
Rayonun icra strukturlarının rəhbərləri və ictimaiyyət nümayəndələri Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canından keçmiş qəhrəman övladların xatirəsinə ucaldılan 20 Yanvar abidəsini və Şəhidlər xiyabanını ziyarət ediblər. İstiqlal tariximizin qəhrəmanlarının abidəsi önünə gül dəstələri qoyulub, xatirələri ehtiramla yad olunub.
Sonra mərasim iştirakçıları rayonun Çaylı kənd məzarlığında uyuyan 20 Yanvar şəhidləri Əlimərdan Hüseynov və Baba Xammədovun məzarlarını ziyarət edib, xatirələrinə ehtiramlarını bildiriblər.
Anım mərasimində şəhidliyi ilə müstəqilliyimizə şahidlik edənlərin keçdiyi qəhrəmanlıq yolunun xronikasını əks etdirən ədəbi-bədii kompozisiya nümayiş olunub.

Regionlar 2019-01-20 12:37:00