Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Hər bir azərbaycanlı Vətən uğrunda son damla qanına kimi vuruşmağa hazır olmalıdır

Bakı, 20 yanvar, AZƏRTAC
Bu gün bizim üçün həm şərəfli, həm də hüznlü gündür. 29 il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu dinc əhaliyə divan tutdu. Neçə-neçə oğul və qızlarımız o məşum gecədə qətlə yetirildi. Lakin o gecə canını vətən yolunda sipər edən qəhrəmanlarımız xalqın öz daxilində boğduğu azadlıq istəyini üzə çıxardılar. Məhz o gecə tökülən qanlar hesabına ölkəmiz əsarətdən xilas oldu.
AZƏRTAC xəbər verir ki, bu sözləri yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət etməyə gələn Azərbaycan Dillər Universitetinin üçüncü kurs tələbəsi Firəngiz Mustafazadə deyib.
O, həmçinin bildirib: "Şəhidlərimizin uyuduğu bu müqəddəs məkanı ziyarət etmək hər kəsin borcudur. Çünki Şəhidlər xiyabanı ölümün gözünə dik baxan vətən övladlarının son mənzilidir. Azadlığımızın memarları, xalqı, vətəni canından çox sevən fədailər unudulmurlar. Xalqımız hər il eyni kədərlə 20 Yanvar qətliamının qurbanlarını yad edir. Sevindirici haldır ki, bura gələn ziyarətçilər arasında azyaşlılar, məktəblilər də var. Şəhidlərimizin qəhrəmanlığı nəsildən-nəslə ötürülür, uşaqlar, yeniyetmələr, gənclər vətənpərvərlik ruhunda böyüyürlər. Bu gün hər bir azərbaycanlı Vətən uğrunda son damla qanına kimi vuruşmağa hazır olmalıdır. Çünki işğal altındakı səfalı bölgələrimizi azad etməklə şəhidlərimizin ruhunu şad edə bilərik".

20 yanvar 2019-01-20 11:53:00