×
A
A
A
Sazlamalar

Türkiyə-Azərbaycan Dərnəyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

İstanbul, 20 yanvar, AZƏRTAC
İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyində (İSTAD) 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Tədbirin aparıcısı sosial elmlər üzrə tədqiqatçı, yazıçı-tərcüməçi Mətin Yıldırım 20 Yanvar faciəsi barədə ümumi məlumat verib.
Dərnəyin sədri Səfər Qaraqoyunlu çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilmiş faciədən danışıb.
Bildirilib ki, dərin hüzn hissi ilə yaddaşlara həkk olunmuş bu faciə, əslində, Azərbaycan türklərinin 70 illik əsarətə son qoyduğu və zalımlıq qarşısında əzmlə dayandığı gündür. 20 Yanvar hadisələri Azərbaycan tarixinə qanlı bir faciə kimi daxil olub. Lakin, eyni zamanda, bu faciə Azərbaycan türklərinin milli qəhrəmanlıq tarixinin ən yaddaqalan səhifələrindən biridir. Həmin gün şəhid olanlar müstəqil Azərbaycan dövlətinin təməlini qoydular.
Bu gün bu güclü təməlin daha da möhkəmləndiyini bildirən S.Qaraqoyunlu deyib: “Bu tarixi dərin hüzn, eyni zamanda, qürur hissi ilə xatırlayırıq. Türkiyə-Azərbaycan Dərnəyi olaraq Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan soydaşlarımızı daim hörmətlə anırıq”.
Sonra Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, professor Adil Allahverdiyev, Azərbaycanın İstanbuldakı Baş konsulluğunun əməkdaşı Xəyyam Daşdəmirov və başqalarının çıxışları dinlənilib. Çıxışlarda 20 Yanvar faciəsinin səbəb və məqsədlərindən bəhs olunub. Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyev faciədən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımıza qarşı bu cinayəti törədənləri cəsarətlə ifşa edib, matəm günündə Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirib.
Tədbirdə Baş konsulluğumuzun əməkdaşları, elm və mədəniyyət xadimləri, tanınmış ziyalılar, Türkiyədə yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz iştirak ediblər.
Sonda 20 Yanvar faciəsini əks etdirən videoçarx nümayiş olunub.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

20 yanvar 2019-01-20 11:44:00