×
A
A
A
Sazlamalar

20 Yanvar faciəsi Bolqarıstanın nüfuzlu media qurumlarının diqqət mərkəzindədir

Sofiya, 20 yanvar, AZƏRTAC

Bolqarıstanın nüfuzlu media qurumları olan Bolqarıstan Teleqraf Agentliyi, “Fokus” xəbər agentliyi, “Standart” və “Kırcaalihaber” onlayn qəzetləri, “Novini24/7” və “Glas.bg” xəbər portalları 1990-cı ilin 20 Yanvar hadisələri ilə bağlı silsilə xəbər və məlumatlar yayımlayıb.
Xəbərlərdə Azərbaycan xalqının tarixinə qanla yazılmış 20 Yanvar hadisələrindən artıq 29 ilin ötdüyü qeyd olunaraq, faciənin tarixə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız insanların qəddarcasına qətlə yetirilməsi, hərbi təcavüz və cinayətə məruz qalması, eyni zamanda, bir xalqın milli azadlığı və müstəqilliyi uğrunda mərd Vətən övladlarının şəhidlik zirvəsinə yüksəlməsi kimi daxil olduğu vurğulanıb.
“Fokus” xəbər agentliyi, “Novini24/7” və “Glas.bg” xəbər portallarının internet səhifələrində sovet rejiminin hərb maşının istiqlaliyyət, azadlıq, suverenlik istəyi ilə yaşayan Azərbaycan xalqının iradəsini qırmaq, demokratiya tələblərini boğmaq üçün 1990-cı il yanvarın 20-də qabaqcadan hazırlanmış təcavüzkarlıq aktını həyata keçirərək ağır cinayət törətdiyi bildirilib. Xəbərlərdə faciə nəticəsində BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulduğu qeyd olunub. Öz mahiyyəti və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən olan 20 Yanvar hadisələrinə indiyədək beynəlxalq hüquqi qiymət verilmədiyi, qanlı aksiyanın sifarişçiləri və icraçılarının cəzalandırılmadığı göstərilir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın 1990-cı il 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar yaydığı bəyanat Bolqarıstan Teleqraf Agentliyinin internet səhifəsində rus və ingilis dillərində yayımlanıb. Bəyanatda faciə ilə bağlı hərtərəfli məlumat verilməklə onun BMT-nin baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-ə, UNESCO-ya, Avropa İttifaqına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərildiyi əksini tapıb.
“Kırcaalihaber”onlayn qəzetində bolqar dilində “Azərbaycanda 1990-cı ilin 20 Yanvar faciəsindən 29 il ötür” və türk dilində “Azərbaycanda 20 yanvar 1990-cı il Bakı qətliamının 29-cu ili” başlıqlı xəbərlər dərc olunub. Xəbərlərdə 20 Yanvar faciəsinin ötən əsr boyu xalqımıza qarşı yürüdülmüş məkrli siyasətin növbəti təzahürü olduğu vurğulanıb. Bildirilib ki, sovet rəhbərliyinin himayədarlığı ilə Ermənistanın ölkəmizə qarşı başladığı əsassız ərazi iddiaları, 250 mindən artıq soydaşımızın Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması, onlara qarşı repressiya və etnik dözümsüzlük, Azərbaycanı parçalamaq və torpaqlarını zəbt etmək təşəbbüsləri bu siyasətin təzahürü olub. Qəzet qanlı hadisələr zamanı Azərbaycan xalqının igid övladlarının əsl fədakarlıq və qəhrəmanlıq nümunəsi göstərərək, milli ideallar uğrunda birləşdiklərini və sovet hərbçilərinin təcavüzünə qətiyyətlə sinə gəldiklərini vurğulayıb.
Sözügedən xəbərlərdə qanlı terror aktına ilk etirazın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən göstərildiyi qeyd olunub. Ulu Öndər 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirib və əliyalın əhalinin kütləvi şəkildə qətlə yetirilməsinə kəskin etiraz edərək, bunun hüquqa, demokratiyaya və insanlığa zidd olduğunu diqqətə çatdırıb. Bildirilib ki, 20 Yanvar faciəsi ilə bağlı 1994-cü il yanvarın 5-də imzaladığı Fərmanda Ulu Öndər Azərbaycan Respublikasının Milli Məclisinə hadisəyə tam siyasi-hüquqi qiymət verilməsini tövsiyə edib, hadisənin hərbi təcavüz və cinayət kimi qiymətləndirilməsinin və təqsirkarların məsuliyyət dərəcəsinin müəyyənləşdirilməsinin təşəbbüskarı olub.
“Standart” qəzetində “Azərbaycan Qara Yanvarın 29-cu ildönümünü qeyd edir” başlığı ilə dərc olunmuş xəbərdə faciə barədə ətraflı məlumat verilməklə yanaşı, əməliyyat zamanı nəinki mülki şəxslərin öldürüldüyü, evlərin və ictimai yerlərin atəşə tutulduğu, hətta təcili yardım maşınlarının tankların altında əzildiyi və yaralılara yardım göstərən tibb işçilərinin güllələndikləri qeyd olunub. Xəbərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın 1990-cı il 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar yaydığı bəyanata istinad olunaraq, hadisələrin hüququ aspektləri barədə məlumat verilib. Xəbərdə Azərbaycan ərazilərinin işğal olunmasına və onun ağır nəticələrinə toxunulub, Azərbaycan tərəfinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə mütəmadi olaraq səylər göstərdiyi qeyd edilib. Xəbərdə Azərbaycan Prezidenti İlham Əliyevin münaqişənin sülh yolu ilə həlli üçün dəfələrlə nüfuzlu beynəlxalq qurumların, o cümlədən BMT Baş Məclisinin toplantılarında təşəbbüslər göstərdiyi əks olunub. Həmçinin nüfuzlu beynəlxalq qurumların müvafiq qərarlarında, o cümlədən Avropa Parlamentinin 2018-ci il 12 dekabr tarixli qətnaməsində Azərbaycanın ərazi bütövlüyünün təsbit olunduğu vurğulanıb.
Bütün xəbərlərdə 20 Yanvar faciəsi zamanı 147 Azərbaycan vətəndaşının şəhid olduğu, 744 nəfərin yaralandığı, 841 nəfərin isə qanunsuz həbs olunduğu əksini tapıb.

 

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya

20 yanvar 2019-01-20 08:00:00