Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İsveçdə yaşayan azərbaycanlılar 20 Yanvar şəhidlərinin xatirəsini anıblar

Stokholm, 19 yanvar, Rauf Əliyev AZƏRTAC

İsveçdə fəaliyyət göstərən “İsveç-Azərbaycan Mədəniyyət Dərnəyi Odlar Yurdu” diaspor təşkilatı 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Dövlət himninin səslənməsi və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad olunması ilə başlayan tədbirdə diaspor təşkilatının rəhbəri Sevinc Bakılı çıxış edib. Baş vermiş hadisələrə nəzər salan Sevinc Bakılı yaddaşlara Qara Yanvar gecəsi kimi həkk olunmuş həmin qanlı tarixin həm şəhidlərimizin anım günü, həm də xalqımızın birliyi, fəxr və şərəf günü olduğunu qeyd edib. Bildirib ki, bu hadisələr xalqımızın müstəqilliyinin, pozulmuş hüquqlarının bərpa olunması naminə savaşmaq əzmində olduğunu bir daha nümayiş etdirdi.
Sonra Sevinc Bakılı 20 Yanvar hadisələri ilə bağlı rəhbərlik etdiyi təşkilat adından hazırlanan bəyanatı tədbir iştirakçılarına təqdim edib. Bəyanat beynəlxalq təşkilatlara göndərilib.
İsveçdə fəaliyyət göstərən diasporumuzun fəalları bildiriblər ki, Azərbaycan tarixinə qanla yazılan 20 Yanvar faciəsi, eyni zamanda, xalqımızın qəhrəmanlıq salnaməsində özünəməxsus yer tutur. Xalqımız, o cümlədən xaricdə yaşayan azərbaycanlılar hər il 20 Yanvar şəhidlərinin əziz xatirəsini anmağı özlərinin mənəvi borcu hesab edirlər.
Tədbirdə Stokholmdakı səfirliyin əməkdaşları, Azərbaycan və türk diasporu, habelə KİV nümayəndələri iştirak ediblər.

 

Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm

20 yanvar 2019-01-19 23:27:00