×
A
A
A
Sazlamalar

ADU-da “20 Yanvar və Azərbaycanın istiqlalı” mövzusunda dəyirmi masa keçirilib

Bakı, 19 yanvar, AZƏRTAC

Yanvarın 19-da Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycanşünaslıq Elmi Tədqiqat laboratoriyasının təşkilatçılığı ilə “20 Yanvar və Azərbaycanın istiqlalı” mövzusunda dəyirmi masa keçirilib. Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə ümummilli lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində 20 Yanvar hadisələrinə dair çıxışının əks olunduğu sənədli film nümayiş olunub.
ADU-nun rektoru, akademik Kamal Abdulla Ümummilli Liderin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində söylədiyi fikirlərin SSRİ adlanan böyük imperiyanın rəhbərliyinə ünvanlanan etiraz və siyasi ittiham kimi səsləndiyini bildirib: “Təsəvvür edin ki, bu sözlər səslənən zaman Bakı küçələrində tanklar gedirdi. İnsanlar küçəyə çıxmağa ehtiyat edirdilər. Xalq artıq öz şəhidlərini vermişdi”.
K.Abdulla şəhidlər arasında tələbəsi Ülvi Bünyadzadənin olduğunu da deyib: “Çox sadə, gülərüz, son dərəcə səmimi insan idi. Gözəl şeirlər yazırdı, mənim də yanıma gətirirdi, müzakirə edirdik. Ülvi kimilərin öz həyatlarını qurban verməsi bu xalqın böyüklüyünə, əzəmətinə dəlalət edir. Tarix bizə həm də onu öyrədir ki, bu torpaq uğrunda ölənlər olub və bu torpağı bundan sonra qorumaq bizim borcumuzdur”.
Tədbirdə 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin bacısı Könül Bünyadzadə çıxış edib, həmin gecə törədilən hadisələri terror kimi qiymətləndirib.
Azərbaycanşünaslıq ETL-nin professoru Solmaz Rüstəmova-Tohidi, Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil Babayev 20 Yanvar hadisələrinin başvermə səbəbləri, törədilən cinayətlər haqqında danışaraq düşmənə qarşı müqavimət göstərən insanların şücaətindən bəhs ediblər.

Elm və təhsil 2019-01-19 20:12:00