×
A
A
A
Sazlamalar

Tbilisidə “20 Yanvar gənclərin gözü ilə” adlı anım tədbiri keçirilib

Tbilisi, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində “20 Yanvar gənclərin gözü ilə” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Gürcüstanın müxtəlif universitetlərində təhsil alan tələbələr tərəfindən hazırlanmış tədbir Azərbaycanın Gürcüstandakı səfirliyinin və M.F.Axundzadə adına muzeyin dəstəyi ilə reallaşıb.
Tələbə-gənclər əvvəlcə AZƏRTAC-ın təşəbbüsü ilə 20 Yanvar faciəsi ilə əlaqədar muzeydə açılmış fotosərgi ilə tanış olublar.
Muzeyin elmi işçisi Leyla Əliyeva tədbiri açaraq Gürcüstanda hər il 20 Yanvar faciəsi ilə əlaqədar anım tədbirlərinin keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, bugünkü tədbirdə tələbələr 20 Yanvarla əlaqədar təqdimatla çıxış edəcəklər.
Sonra 20 Yanvar şəhidlərinin və 1989-cu ilin 9 Aprel tarixində canlarından keçən qəhrəmanların, eləcə də iki gün əvvəl Tbilisidə baş vermiş qəzada həlak olanların xatirəsi ehtiramla yad edilib.
Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Rəhim Rəhimzadə çıxışında tələbələrin hazırladıqları "20 Yanvar gənclərin gözü ilə" adlı layihəni yüksək qiymətləndirib. Bildirib ki, savadlı, geniş dünya görüşünə və zəngin biliyə malik olan gənclər Azərbaycan tarixinin təbliğində mühüm rol oynaya bilərlər. Bu da bizim hamımız üçün çox vacibdir.
O, tələbələri daha fəal olmağa səsləyib və səfirliyin onlara dəstək verəcəyini bildirib.
24News.ge xəbər portalının rəhbəri Azər Məmmədov çıxışında bildirib ki, Gürcüstanda yaşayan soydaşlarımız Azərbaycanın suverenliyi və azadlığı uğrunda mübarizədə fəal iştirak ediblər. Bu gün 20 Yanvar faciəsində, eləcə də Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda şəhid olan qəhrəmanların xatirəsi Gürcüstanda ehtiramla anılır.
Azər Məmmədov gənclərin hazırladığı layihəni yüksək qiymətləndirib, onları daha fəal olmağa səsləyib.
Təqdimat mərasimində çıxış edən Azərbaycanın Əməkdar jurnalisti, gaxa.ge saytının rəhbəri Nizami Məmmədzadə qeyd edib ki, tələbələrin bu layihəsi digər gənclərin 20 Yanvar faciəsi ilə bağlı məlumatlandırılmasında mühüm rol oynayacaq.
Əməkdar jurnalist deyib: “Gənclərin belə layihələr hazırlaması, eləcə də, tədbirlərdə iştirakı onların xalqımızın şanlı tarixi və faciəli günləri barədə ətraflı məlumat almalarına geniş imkan yaradır. Bu, həm də, həmin məlumatların gələcək nəsillərə çatdırılmasında mühüm əhəmiyyət kəsb edir”.
Nizami Məmmədzadənin 20 Yanvar şəhidlərinə həsr etdiyi şeir tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.
Sonra İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin məzunu Cəfər Mahmudovun və universitetin tələbəsi Orxan Bayramovun 20 Yanvar faciəsi ilə əlaqədar hazırladıqları videoçarx nümayiş etdirilib. Tələbələrin təqdim etdikləri videoçarxda 20 Yanvar faciəsinin əsl mahiyyəti, başvermə səbəbləri, gənclərin faciə ilə bağlı fikirləri əksini tapıb. Təqdimat maraqla qarşılanıb və yüksək qiymətləndirilib.
Digər çıxış edənlər layihə müəlliflərinin təqdimatını alqışlayıblar. Bildirilib ki, videoçarxdan da göründüyü kimi, gənclərimizin real faktlar haqqında ətraflı məlumatları var. Onlar şanlı tariximizi, dövlətçiliyimizi layiqincə təbliğ etməyə hazırdırlar. Bu ənənə davam etdirilməlidir.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Qan yaddaşı 2019-01-19 19:39:00