Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

20 Yanvar Azərbaycan tarixində qanla yazılmış səhifədir

Bakı, 19 yanvar, AZƏRTAC
Auditorlar Palatasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb.
Palatadan AZƏRTAC-a bildirilib ki, Auditorlar Palatasının sədri, professor Vahid Novruzov Azərbaycan xalqının qürur ünvanına çevrilmiş 20 Yanvar hadisələrindən 29 il ötdüyünü deyib. Bildirib ki, hadisənin başvermə səbəbləri ilə bağlı zaman-zaman müxtəlif fikirlərə, rəylərə rast gəlinsə də, bütün əks mövqelər bir nöqtədə kəsişir: bu tarixi gündə Azərbaycan xalqı əsrlərboyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirib. "1990-cı il yanvarın 20-də baş verən faciəli hadisələr süquta uğramaqda olan sovet imperiyasının mənfur repressiya maşınının xalqımıza qarşı törətdiyi amansız cinayət idi. Həmin gün çoxlu sayda dinc insanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, minlərcə insanın yaralanması, şübhəsiz, xalqımız üçün böyük dərd, faciə idi. Lakin bu hadisə xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kuliminasiya nöqtəsi olmaqla, çağdaş tariximizə qürur və şərəf mübarizəsi kimi daxil olub. 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Həmin tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi".
V.Novruzov bildirib ki, xalq o günlərdə böyük bir həqiqəti - həqiqi liderin meydanda olmamasını da bütün mahiyyəti ilə dərk etdi: "O müdhiş günlərdə ulu öndər Heydər Əliyevin yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. 20 Yanvar günündə xalqının səsinə hər kəsdən əvvəl səs verən də ulu öndər Heydər Əliyev oldu. Ümummilli Lider Moskvada xüsusi nəzarət altında ola-ola özünün və ailə üzvlərinin həyatını təhlükə qarşısında qoyaraq hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də oğlu, silahdaşı, o çətin günlərdə atasını bir an belə tək qoymayan Prezident İlham Əliyevlə birlikdə ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəldi, təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.Qorbaçovu kəskin ittiham edərək qoşunların Bakıdan çıxarılmasını tələb etdi. SSRİ-nin hələ hökm sürdüyü bir vaxtda onu və başçısını paytaxtın özündə tənqid etmək, sözün əsl mənasında, böyük hünər və cəsarət tələb edirdi. Ulu öndər Heydər Əliyev hər şeydən əvvəl Vətən, xalq qarşısında vətəndaşlıq və milli mövqeyini nümayiş etdirdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi.
O qeyd edib ki, ümummilli lider Heydər Əliyev tərəfindən verilmiş fərman və sərəncamlarla 20 yanvar şəhidlərinin xatirəsi əbədiləşdirilib, geniş miqyaslı tədbirlər həyata keçirilib, "20 Yanvar Şəhidi" fəxri adı təsis olunub, ölkəmizin rəsmi təqviminə "20 Yanvar Ümumxalq Hüzn Günü" kimi daxil edilib, Şəhidlər Xiyabanında "Əbədi məşəl" abidə kompleksi ucaldılıb, şəhid ailələrinin və əlillərin sosial problemlərinin həlli ilə bağlı mühüm işlər görülüb. Bu faciə ilə bağlı Ulu Öndər tərəfindən bünövrəsi qoyulmuş siyasət bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Çıxış edənlər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsinin xalqımızın qan yaddaşından heç vaxt silinməyəcəyini deyiblər.

Qan yaddaşı 2019-01-19 18:51:00