×
A
A
A
Sazlamalar

Azərbaycan Universitetində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Bakı, 19 yanvar, AZƏRTAC 

Azərbaycan Universitetində 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbin kollektivi tədbirdən əvvəl Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Universitetində davam edən tədbirdə 20 Yanvar hadisələrinin səbəb və nəticələri haqqında məlumat verilib, sovet imperiyasının süqutunda və Azərbaycanın müstəqilliyini bərpa etməsində oynadığı rola diqqət çəkilib. Qeyd olunub ki, 20 Yanvar Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinə öz möhürünü vurmuş bir gün və böyük bir prosesin başlanğıcında əsaslı dönüş nöqtəsidir.
Bildirilib ki, Bakı şəhəri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə milli azadlıq hərəkatını boğmaq və SSRİ-də yaşayan digər xalqları qorxutmaq üçün poliqon kimi istifadə olunub. Amma törədilmiş dəhşətli cinayət xalqımızın iradəsini qıra bilməyib, əksinə, milli azadlıq hərəkatının daha da yüksəlməsi və Azərbaycanın müstəqilliyini bərpa etməsi ilə nəticələnib.
Tədbirdə qanlı hadisədən bir gün sonra ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək mətbuat konfransı keçirməsi və imperiyanın xalqımıza qarşı ikili siyasətini dünya ictimaiyyəti qarşısında ifşa etməsi böyük tarixi hadisə kimi qiymətləndirilib.
Qeyd olunub ki, artıq tarixləşmiş hadisə olan 20 Yanvar yaddaşımızda xalqımızın fəxarət və şərəf günü, tariximizin şanlı səhifəsi kimi qalmalı, gənclər şəhidlərin qanlarının hədər yerə axmadığını əməlləri ilə sübut etməlidirlər. Şəhidlərimizin əziz xatirəsini daim uca tutmalı, unutmamalı, unutdurmamalıyıq. Bu, hər bir azərbaycanlının müqəddəs borcudur.
Tədbirin sonunda 20 Yanvar faciəsindən bəhs edən film nümayiş olunub.

Elm və təhsil 2019-01-19 18:34:00