×
A
A
A
Sazlamalar

Azərbaycanlı şairin şeirlər kitabı gürcü dilində buraxılıb

Tbilisi, 19 yanvar, AZƏRTAC

Tbilisidə azərbaycanlı şair Nurhafizin (Nurhafiz Hüseynov) şeirlər kitabı gürcü dilində işıq üzü görüb.
Kitabdakı şeirləri Gürcüstan Yazıçıları Milli Akademiyasının Azərbaycan bölməsinin rəhbəri Mirzə Məmmədoğlu (Maşov) sətri tərcümə edib. Sonra tanınmış gürcü şairləri Koba Arabuli, Revaz Daneliya, Eter Zaridze, Temur Cumbaşvili və başqaları şeirləri poetik dilə çeviriblər.
Mirzə Məmmədoğlu deyib ki, 1958-ci ildə Gürcüstanın Qardabani rayonunun Ağ Təhlə kəndində anadan olan Nurhafiz gürcü oxucularına yaxşı tanışdır. Onun şeirlərini ilk dəfə gürcü dilinə mərhum tərcüməçi Zezva Medulaşvili tərcümə edib. Z.Medulaşvili “Koroğlu” dastanını, bayatılarımızı, Nəsimi, Molla Pənah Vaqif, Məmməd Araz, İsa İsmayılzadə və digər tanınmış şair və yazıçılarımızın əsərlərinin tərcüməçisi kimi tanınır.
Kitabda Nurhafizin Zezva Medulaşvilinin tərcüməsində vaxtilə “Literaturuli Sakartvelo” (“Ədəbi Gürcüstan”) qəzetində və “Siskari” (“Dan ulduzu”) ədəbi jurnalında dərc olunmuş şeirləri də yer alıb.
M.Məmmədoğlu Nurhafizin gürcü dilində buraxılmış bu kitabının oxucular tərəfindən rəğbətlə qarşılanacağına ümidvar olduğunu bildirib.


Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Mədəniyyət 2019-01-19 18:23:00