×
A
A
A
Sazlamalar

QMİ-nin Gürcüstan nümayəndəliyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Tbilisi, 19 yanvar, AZƏRTAC
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstan nümayəndəliyində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə “Qurani-Kərim”dən ayələr oxunub, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
QMİ-nin Gürcüstan nümayəndəliyinin rəhbəri Əli Əliyev Azərbaycan xalqının müstəqillik uğrundakı mübarizəsindən danışıb, tarixən qonşu və dost olan Azərbaycan və gürcü xalqlarının müstəqillik uğurunda mübarizlərini təhlil edib, müstəqilliyin hər iki xalq üçün asan, qurbansız başa gəlmədiyini bildirib.
O qeyd edib ki, 20 Yanvar faciəsi həm də xalqımızın azadlıq mücadiləsində dönüş yaratdı, müstəqil dövlətimizin bərpasının əsasını qoydu. Bu gün Azərbaycan tolerantlığı, multikultural dəyərləri, iqtisadi inkişafı ilə dünyada nümunədir.
Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Rəhim Rəhimzadə çıxış edərək 20 Yanvar faciəsinin başvermə səbəbləri, nəticələri barədə ətraflı məlumat verib.
Sonra çıxış edən din xadimləri 20 Yanvar faciəsinin başvermə səbəblərindən danışıb, Sovet imperiyası qüvvələrinin xalqların müstəqillik arzusunu boğmaq üçün törətdiyi cinayətlərin mahiyyətini açıqlayıblar.
Bildirilib ki, Gürcüstanda yaşayan azərbaycanlılar tarixi vətənləri olan Azərbaycanın müdafiəsində həmişə fəallıq göstəriblər. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş qətliamda 5 nəfər Gürcüstan azərbaycanlısı da olub. Bu gün onların da xatirəsi ehtiramla yad olunur.


Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Qan yaddaşı 2019-01-19 18:20:00