×
A
A
A
Sazlamalar

20 Yanvar şəhidlərinin xatirəsi Aktauda da ehtiramla yad edilib

Aktau, 19 yanvar, АZƏRTAC
Aktauda Azərbaycanın bu şəhərdəki baş konsulluğu tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Manqistau vilayətində yaşayan azərbaycanlıların Dostluq milli-mədəni cəmiyyətinin üzvləri ilə yanaşı, Aktau şəhərində fəaliyyət göstərən digər diplomatik nümayəndəliklərin rəhbərləri və üzvləri, Qazaxıstan Xalqları Milli Assambleyasının Manqistau vilayəti üzrə rəhbərliyi və digər xalqların diaspora təşkilatlarının üzvləri, “Azərbaycanın Qazaxıstanda biznes investisiyası Assosiasiyası”nın (ABİA) üzvləri, azərbaycanlı tələbələr iştirak ediblər.
Tədbir çərçivəsində 20 Yanvar şəhidlərin xatirəsinə fotokompozisiya nümayiş etdirilib. Əvvəlcə 20 Yanvar şəhidlərinə həsr olunmuş simfonik musiqi səsləndirilib.
Sonra 20 Yanvar və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Ölkəmizin Aktaudakı baş konsulluğunun rəhbəri Elxan Zeynalov çıxış edərək Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsinin baş vermə səbəblərindən danışıb. Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda həlak olanların ruhunun daim ehtiramla anılmasının hər bir azərbaycanlının borcu olduğunu qeyd edib.
Qanlı Yanvar faciəsinə ilk siyasi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini qeyd edən diplomat ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar siyasətindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından bəhs edib.
Türkmənistanın Aktau şəhərindəki baş konsulu Mühamednur Ovezov, Türkiyənin Aktaudakı konsulu Evren Gursel, Manqistau vilayətindəki azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin sədri, Aktau şəhər Maslixatının deputatı Şəmsəddin Hüseynov, diasporanın ağsaqqallar şurasının sədri Yusif Quliyev çıxış edərək 20 Yanvar faciəsinin müasir dövrdə Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin ən şərəfli tarixi olduğunu bildiriblər.
Daha sonra Aktauda yaşayan şair, bir neçə kitabın müəllifi Rövşən Həsənli 20 Yanvar şəhidlərinə həsr etdiyi şeiri oxuyub.
Çıxışlardan sonra 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

 

İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aktau

20 yanvar 2019-01-19 18:10:00